Accessibility links

Ukraynanın dron hücumunda Rusiyanın Saratov bölgəsi hədəf alınıb


Saratov vilayətinin qubernatoru Roman Busargin Rusiyada Ukrayna dronlarının hücumundan sonra yanğınsöndürənlər və xilasedicilərlə danışır. 8 yanvar, 2025.
Saratov vilayətinin qubernatoru Roman Busargin Rusiyada Ukrayna dronlarının hücumundan sonra yanğınsöndürənlər və xilasedicilərlə danışır. 8 yanvar, 2025.

Rusiya rəsmilərinin bildirdiyinə görə, Ukrayna qüvvələri çərşənbə günü Saratov vilayətinə kütləvi dron hücumu həyata keçirərək, bir sənaye müəssisəsinə ziyan vurub.

Saratovun qubernatoru Roman Busargin hücumda qonşu şəhərlər olan Saratov və Rusiya bombardmançı təyyarələrinin aviabazasının yerləşdiyi Engelsin hədəf alındığını bildirib.

Ukrayna ordusunun Baş Qərargahı Telegram-da bildirib ki, onun qüvvələri Engelsdə aviabazanı yanacaqla təmin edən Rusiya neft anbarına zərbələr endirib.

Rusiyanın Müdafiə Nazirliyi Saratov regionunda Ukraynanın 11 dronunu məhv etdiyini bildirib, ancaq bölgədə dəyən ziyanla bağlı məlumat verməyib.

Ukraynanın dron hücumları adətən birbaşa Ukrayna-Rusiya sərhədi boyunca yerləşən ərazilərə, bəziləri də Rusiyanın daha daxilində olan bölgələrə yönəlir. Saratov Rusiyanın cənub-qərbində, Ukraynadan təxminən 450 kilometr uzaqda yerləşir.

Rusiya Müdafiə Nazirliyi çərşənbə günü bildirib ki, Kursk, Rostov, Belqorod, Bryansk, Krasnodar, Volqoqrad və Azov dənizi üzərində ümumilikdə Ukraynanın 11 dronu məhv edilib.

Ukrayna ordusu çərşənbə günü bildirib ki, Rusiya hücumlarında əsasən Ukraynanın mərkəzindəki əraziləri hədəf alan 64 drondan istifadə olunub.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri 41 dronu Çerkassı, Çernihiv, Dnipropetrovsk, Xarkiv, Kirovohrad, Mikolaiv, Poltava, Sumı və Jitomır vilayətləri üzərində məhv edib.

Sumı rəsmiləri hücumların bir evə ziyan vurduğunu və bir nəfərin yaralandığını bildirib.

Forum

XS
SM
MD
LG