Rəsmilər bildiriblər ki, cümə günü gecə saatlarında Rusiya Ukraynaya pilotsuz təyyarələrlə hücum edib, nəticədə 4 nəfər yaralanıb, cənub Odesa vilayətində bir xəstəxana və taxıl anbarına ziyan dəyib.
Ukraynanın hava hücumundan müdafiə qüvvələri Rusiyanın 102 pilotsuz təyyarəsindən 59-nu vurub. Rusiya pilotsuz təyyarələri ölkənin şimal-şərqindəki Sumı, cənubdakı Odesa və mərkəzi Çerkas vilayətlərinə ziyan vurub.
Odesa vilayətinin qubernatoru Oleh Kiper deyib ki, Çornomorsk şəhərini hədəf alan pilotsuz təyyarələrin hücumu nəticəsində 1 həkim də daxil olmaqla, 4 mülki şəxs yaralanıb. O, Telegram proqramında bildirib ki, hücumlar şəhərdə elektrik enerjisinin təchizatını da qismən dayandırıb və şəhər xəstəxanasına, inzibati binaya, taxıl anbarına, yaşayış evinə və bir neçə yük maşınına ziyan vurub.
Mərkəzi Çerkassı vilayətinin regional rəsmiləri bildiriblər ki, pilotsuz təyyarələrin dağıntıları bölgədəki yaşayış binasına ziyan vurub.
“Rusiyanın cənubundakı Volqoqrad vilayətində bir neft emalı zavodu Ukraynaya məxsus pilotsuz təyyarənin hücumundan sonra yanıb, lakin yanğın artıq söndürülüb”, vilayət qubernatoru cümə günü bildirib. Qubernator Andrey Boçarov Telegram mesajlaşma proqramında verdiyi açıqlamada Rusiya hava hücumundan müdafiə qüvvələrinin onun bölgəsinə edilən hücumu səkkiz pilotsuz təyyarə ilə dəf etdiyini bildirib.
Ukraynanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko Telegram-da Rusiyanın ən böyük zavodlarından biri kimi təsvir etdiyi Volqoqrad neft emalı zavodunun vurulduğunu bildirib.
Təhlükəsizlik xidmətlərində təmasları olan Rusiya xəbər orqanı olan SHOT Moskvanın şimal-şərqindəki Yaroslavldakı ikinci neft emalı zavodu üzərində dörd Ukrayna pilotsuz təyyarəsinin məhv edildiyini bildirib.
Ukrayna Rusiyanın müharibə səylərini dəstəkləyən əsas infrastrukturu sıradan çıxarmaq üçün Rusiyanın neft emalı zavodlarına, neft anbarlarına və sənaye obyektlərinə tez-tez hava hücumları həyata keçirir. Bu həftə Ukrayna Moskvanın şərqindəki Nijni Novqorod vilayətində Rusiyanın dördüncü ən böyük “Lukoil” neft emalı zavodunu vuraraq yandırdığını iddia edib.
“Lukoil”dəki mənbələr NORSI neft emalı zavodunun vurulduğunu təkzib edib. Neft-kimya şirkəti Sibur yaxınlıqdakı zavoduna pilotsuz təyyarənin hücumu və yanğın olduğunu bildirib.
Mənbələrin bu həftə Reuters agentliyinə verdiyi məlumata görə, ABŞ-ın Rusiya tankerlərinə və ticarətçilərə tətbiq etdiyi yeni sanksiyalardan sonra Rusiya yanacaq ixracını artırmaq ümidi ilə öz neftayırma zavodları vasitəsilə hazırda daha çox xam neft istehsal edir.
Keçən həftə Ukrayna pilotsuz təyyarəsinin hücumu Moskvanın cənub-şərqindəki Ryazandakı neft emalı zavodunu fəaliyyətini dayandırmağa məcbur etmişdi.
Rusiya Müdafiə Nazirliyi cümə günü yaydığı bəyanatda bildirib ki, gecə ərzində ölkə ərazisində 49 Ukrayna pilotsuz uçuş aparatı, o cümlədən 25-i Rostov vilayətinin cənubunda, 8-i Volqoqrad vilayətində vurulub.
Kursk, Yaroslavl, Belqorod, Voronej və Krasnodar vilayətlərində də pilotsuz təyyarələr aşkar edilərək məhv edilib.
Forum