Accessibility links

Rusiya və Ukrayna Rusiyanın Kursk vilayətində internat məktəbinə hücumda bir-birini ittiham edir


Ukrayna əsgəri Sudja şəhərində zədələnmiş binaların yaxınlığında küçədə patrul edir.
Ukrayna əsgəri Sudja şəhərində zədələnmiş binaların yaxınlığında küçədə patrul edir.

Ukrayna və Rusiya Rusiyanın Kursk vilayətində 5 aydır Ukraynanın nəzarətində olan Sudja şəhərində internat məktəbinə ölümcül hücumla bağlı bir-birini ittiham edir. Hər iki tərəf bir-birini hva hücumunun təşkilində ittiham edir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı şənbə günü axşam saatlarında bildirib ki, zərbə nəticəsində 4 nəfər ölüb, daha 4 nəfər ağır yaralanıb, 84 nəfər Ukrayna hərbçiləri tərəfindən binanın dağıntıları altından xilas edilib.

Ukrayna prezidenti Volodimir Zelenski Moskvanın mülki şəxslərin sığındığı və təxliyyə olunmağa hazırlaşdığı internat məktəbini bombaladığını bildirib.

Baş Qərargah əlavə tibbi yardıma ehtiyacı olanların Ukraynadakı tibb müəssisələrinə təxliyə edildiyini bildirib.

Rusiya Müdafiə Nazirliyi bazar günü səhər saatlarında Ukrayna qüvvələrinin məktəbə raket hücumu təşkil etdiyini və raketlərin Ukraynanın Sumı vilayətindən atıldığını bildirib.

Bu arada, yerli rəsmilərin bazar günü bildirdiyinə görə, şənbə günü Rusiyanın Ukraynanın Poltava şəhərində yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı ikisi uşaq olmaqla 14 nəfərə çatıb. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, beşmərtəbəli binaya hücum nəticəsində 17 nəfər yaralanıb.

Ukrayna rəsmiləri Moskva tərəfindən bazar günü gecə Ukraynaya 55 dron göndərildiyini bildiriblər. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, gecə hücumları zamanı 40 dron məhv edilib. Daha 13 dronun ehtimal olaraq elektron yolla neytrallaşdırılaraq “itirildiyi” bildirilir.

Vilayət qubernatoru Oleh Sinehubovun bazar günü bildirdiyinə görə, Xarkov vilayətində dron hücumu nəticəsində iki nəfər yaralanıb.

Rusiya Müdafiə Nazirliyi Rusiyanın qərbində beş bölgədə bir gecədə Ukraynanın beş dronunun - Kursk vilayəti üzərində üç, Belqorod və Bryansk vilayətlərinin hər biri üzərində isə bir dronun vurulduğunu açıqlayıb.

Vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, Belqorod vilayətində dron hücumu nəticəsində bir nəfər həyatını itirib.

Forum

XS
SM
MD
LG