ABŞ dövlət katibi Marko Rubio ölkənin baş diplomatı kimi xarici ölkəyə ilk rəsmi səfəri çərçivəsində bazar günü Panamada prezident Xose Raul Mulino ilə görüşüb.
Rubionun Mərkəzi Amerika ölkələrinə cümə axşamı gününə kimi davam edəcək turnesi zamanı El Salvador, Kosta-Rika, Qvatemala və Dominikan Respublikasına səfərləri planlaşdırılır.
Görüşzlər zamanı El Salvador prezidenti Nayib Bukele, Kosta-Rika prezidenti Rodriqo Çaves, Qvatemala prezidenti Bernardo Arevalo və Dominikan Respublikasının prezidenti Luis Abinader ilə danışıqlar planlaşdırılır.
ABŞ-ın Latın Amerikası üzrə xüsusi nümayəndəsi Maurisio Klaver-Karonun bildirdiyinə görə, bu, ABŞ dövlət katibi tərəfindən son 100 ildən artıq müddətdə ilk rəsmi xarici səfərin Latın Amerikasına edildiyi ilk haldır.
Rəsmilər və ekspertlər səfərin qismən Çinin regionda artan təsirinə qarşı yönəldiyini bildirirlər.
Səfər həmçinin prezident Donald Trampın Panama kanalına nəzarəti bərpa etməyə çalışdığı və Vaşinqtonun qeyri-qanuni immiqrasiyanın qarşısını almaq üçün səylərini artırdığı vaxta təsadüf edir.
“Dövlət katibi Rubionun yüksək səviyyəli rəsmilər və biznes liderləri ilə görüşləri qeyri-qanuni və genişmiqyaslı miqrasiyanın dayandırılması, transmilli cinayətkar təşkilatlar və narkotik qaçaqçıları ilə mübarizə, Çinin təsirinin qarşısının alınması və yarımkürəmizdə rifahı artırmaq üçün iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi kimi bizim əsas ortaq maraqlarımız əsasında regional əməkdaşlığı təşviq edəcək”, Dövlət Departamentinin sözçüsü Tammi Brus cümə günü bildirib.
Tramp Çinin Atlantik və Sakit okeanları birləşdirən mühüm ticarət yolu olan Panama kanalına nəzarət etdiyini iddia edir.
Lakin Panama bu iddianı rədd edərək, kanalı gəmiçilik üçün tərəfsiz şəkildə idarə etdiyində təkid edir.
Rubio cümə axşamı münaqişə baş verərsə, Çinin kanala girişi əngəlləyə biləcəyi barədə xəbərdarlıq edib.
“Əgər Çin hökuməti münaqişə olduqda onlara Panama kanalını bağlamağı desə, onlar bunu etməyə məcbur olacaqlar. Əslində, şübhə etmirəm ki, onların bunu etmək üçün fövqəladə planları var. Bu, birbaşa təhlükədir”, Rubio SiriusXM radiosuna verdiyi müsahibədə deyib.
Panama şəhərində Mulino Rubio ilə kanala nəzarətlə bağlı hər hansı müzakirələri istisna edib.
“Mən kanalla bağlı danışıqlar apara bilmərəm və danışıqlar prosesinə başlaya bilmərəm”, o, cümə axşamı jurnalistlərə deyib. “Məsələ bağlanıb. Kanal Panamaya aiddir”, o əlavə edib.
Cümə günü brifinq zamanı Klaver-Karone limanlar və telekommunikasiya infrastrukturunu əhatə edən kanal zonasında Çin şirkətlərinin “getdikcə artan mövcudluğu” ilə bağlı xəbərdarlıq edib. O bunu təkcə ABŞ-ın milli təhlükəsizliyi üçün deyil, həm də Panama və bütün Qərb yarımkürəsi üçün ciddi narahatlıq adlandırıb.
Bəzi təhliçlilərin Çinin Qərb yarımkürəsində öz təsirini genişləndirmək üçün iqtisadi və qeyri-iqtisadi taktikalardan istifadə etdiyi barədə xəbərdarlıq etməsi milli təhlükəsizliklə bağlı narahatlıqların artmasına səbəb olub.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Amerika proqramının direktoru Rayan Berq cümə axşamı onlayn müzakirə zamanı vurğulayıb ki, Çinin 2013-cü ildə başladığı “Bir Kəmər və Bir Yol” təşəbbüsü Latın Amerikası və Karib hövzəsinə birbaşa xarici investisiyarın əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarıb. O, son 15 il ərzində Çinin birbaşa xarici investisiyalarının təxminən 160 milyard dollar təşkil etdiyini bildirib.
Rubionun marşrutu üzərində olan bütün ölkələr həmçinin Kuba və Venesuela ilə diplomatik əlaqələr saxlayır.
Birləşmiş Ştatların bu ölkələrlə gərgin münasibətləri və deportasiya edilənlərin qəbul edilməsinə onlar tərəfindən qoyulan məhdudiyyətlər nəzərə alınsa, Rubio səfərindən ABŞ tərəfindən deportasiya edilən insanları digər ölkələrin qəbul etməsinə imkan verən “üçüncü ölkə” razılaşmalarını təşviq etmək üçün istifadə edə bilər. Bundan əlavə, o, miqrantlar üçün daha çox repatriasiya uçuşlarının asanlaşdırılması məsələsi üzərindı işləyə bilər.
Trampın xüsusi nümayəndəsi Riçard Qrenell Tramp administrasiyasının deportasiya və cinayətkar qruplar əleyhinə səylərini gücləndirdikdiyi vaxt cümə günü Venesuelanın uzun müddətdir hakimiyyətdə olan sosialist lideri Nikolas Maduro ilə görüşməyə hazırlaşır.
Forum