Accessibility links

Məmməd Məmmədzadə: Azərbaycanda seçki institutu yox olmağa doğru gedir


Məmməd Məmmədzadə -Seçki Müşahidə Alyansının rəhbəri
Məmməd Məmmədzadə -Seçki Müşahidə Alyansının rəhbəri

Seçki Müşahidə Alyansının rəhbəri Məmməd Məmmədzadə Amerikanın Səsinə müsahibəsində son bələdiyyə seçkiləri, seçkilərdə müxalifətin rolu və seçki islahatlarından danışıb.

Amerikanın Səsi: Azərbaycanda bələdiyyə seçkilərinin ilkin nəticələri ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatı reallığı əks etdirirmi? Sizcə səsvermə prosesi Mərkəzi Seçki Komissiyasının sədrinin dediyi kimi, azad və şəffaf olubmu?

Məmməd Məmmədzadə: Hazırkı seçki qanunvericiliyi azad, ədalətli, demokratik seçkilərin keçirilməsi üçün yetərli deyil. Seçkinin müxtəlif mərhələləri var. Seçkiöncəsi proses, namizədlərin qeydiyyat dövrü, təbliğat və təşviqat dövrü, seçki günü, seçkidən sonrakı proseslər. Düşünürəm ki, səsvermə günü MSK-nın elan etdiyi ilkin nəticələr reallığı əks etdirmir. Bizim istər sosial media üzərindən, istərsə də müəyyən müşahidəçilər üzərindən müşahidələrimiz onu göstərir ki, seçkilər azad, ədalətli və şəffaf mühitdə keçmədi. Təəssüflər olsun ki, bu seçkilər də ənənəvi olaraq ötən seçkilərdən heç nə ilə fərqlənmədi. Seçki pozuntuları əsasən topa bülleten atılması, təkrar səsvermələr, qrup halında səsvermələr və s. şəklində oldu. Eyni zamanda müşahidəçilərə təzyiqlər və jurnalistlərin çəkiliş aparmasına təzyiqlər şəraitində keçdi. Ümumilikdə belə deyə bilərik ki, rəqabətsizlik mühitində bir seçki keçirildi.

Məmməd Məmmədzadə: Azərbaycanda seçki institutu yox olmağa doğru gedir
please wait

No media source currently available

0:00 0:06:49 0:00

Amerikanın Səsi: Seçkilərdə müxalifətin iştirakını necə qiymətləndirirsiniz? Müxalifətin fəallığı səsvermənin nəticələrinə təsir edəcək qədər olubmu?

Rəqabətsizlik mühitində bir seçki keçirildi

Məmməd Məmmədzadə: Təəssüflər olsun ki, əsas seçici elektoratı olan ən böyük müxalif siyasi partiyalar bu seçkidə iştirak etmədi. Təkcə hakim partiya namizədləri ilə iştirak etdi. Əsas ana müxalifət partiyası Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərdə iştirak etmədi. Müsavat Partiyası 30 namizədlə, Respublikaçı Alternativ (REAL) Partiyası da təxminən 14 namizəd ilə iştirak etdi. Seçkilərdə siyasi partiyaların iştirakı formal xarakterdə olmamaldır. Bu qədər rəqabətsizlik ortamda seçkidən öncə də biz təbliğat, təşviqat dövründə hansısa formada rəqabətsizlik mühitini görürürük. Hansısa siyasi partiyalar arasında milli səviyyədə debatlar müşahidə etmədik. Siyasi partiyalar hansı təkliflərlə, platformalarla çıxış edirlər, yerli səviyyədə vətəndaşlara bələdiyyələrin inkişafı ilə bağlı hansı təkliflər verirlər? Biz burada nə hakim, nə də müxalif partiyadan hər hansı təkliflər görmədik. Müzakirələr keçirilmədi. Yəni seçki bir yarışdır. Seçkidə müəyyən qruplar öz platformalarını təqdim edirlər. Biz isə bunları müşahidə etmədik. Seçkidə iştirakçı tərəflər var. MSK təşkilatçı tərəfdir. Seçkidə iştirak edən tərəf var və üçüncü tərəf var, media və QHT-lər. Bu ictimai nəzarət instititu olduqca vacibdir. Təəssüflər olsin ki, biz müxalif partiyaların formal iştirakını gördük. 98 faiz seçki dairələri üzrə namizdlərin yalnız hakim Yeni Azərbaycan Partiyasının olduğunu müşahidə edirik. Digər texniki partiyaların namizədlərinin sayı 1-2 faizə yaxındır. Bu rəqəmlər seçkinin hətta namizədlik dövründə hansı formada rəqabətsizlik mühitində olduğunu göstərir.

Amerikanın Səsi: Bütövlükdə seçki prosesi Azərbaycanın beynəlxalq öhdəliklərinə və qanunvericilik normalarına uyğun olubmu? Bələdiyyə seçkilərində əsas qanun pozuntuları barədə nə deyə bilərsiniz?

Məmməd Məmmədzadə: Bilirsiniz, adətən Azərbaycanda seçkilərin müşahidəsini ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu aparır. Avropa Şurasının və s digər qurumların tövsiyyələri olur. Çox təəssüflər olsun ki, bu tövsiyyələrin heç biri indiyə qədər nəzərə alınmayıb. “Seçki Məcəlləsi”nin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, seçki komissiyalarının tərkibi ilə bağlı tövsiyyələr nəzərə alınmayıb. Bu “Seçki Məcəlləsi”ni təkmilləşdirmədən, bələdiyyələrin səlahiyyətlərini artırmadan, onların maliyyə imkanları inkişaf etdirilmədən seçki keçirməyi doğru hesab etmirəm.

Amerikanın Səsi: Bu il keçirilən seçkilərdə müşahidələrinizin nəticələri olaraq ölkədə seçki islahatları sahəsində hansı adımların atılmasını zəruri hesab edirsiniz?

Məmməd Məmmədzadə: Azərbaycanda seçki institutu illər ərzində yox olmağa doğru gedir. Yəni Azərbaycanda seçki qanunvericiliyi tamamilə yenidən qurulmalıdır, təkmilləşdirilməlidir. Əsas tövsiyyələr ondan ibarətdir ki, siyasi partiyaların aktiv iştirakı ilə proporsional sistemə keçid lazımdır. İstər seçki komissiyalarının tərkibində, istər ümumi seçki prosesində siyasi partiyaların iştirakının artırılması ilə bağlı seçki qanunvericiliyində dəyişikliklər olmalıdır. Bundan başqa hazırkı seçki qanunvericiliyi azad, ədalətli, demokratik, gerçək seçkilərin keçirilməsi üçün yetərli deyil. Dəyişdirilməlidir və beynəlxalq standartlara uyğun olmalıdır. Amma təəssüflər olsun ki, “Seçki Məcəlləsi”nin nəinki inkişaf etdirilməsini, hətta hər il seçki kampaniyası dövrünün azaldılmasını, qanunvericilikdə müxtəlif məhdudlaşdırıcı dəyişiklikləri müşahidə edirik.

Qeyd: Mərkəzi Seçki Komissiyası ölkədə bütün seçkilərin azad, demokratik və şəffaf keçirildiyini bəyan edir. MSK sədri seçkilərin nəticələrinə təsir edəcək qanun pozuntularının olmadığını bildirib. Milli Məclisin iqtidarı təmsil edən deputatları isə Azərbaycanın “Seçki Məcəlləsi”ni daim tərənnüm edib və hətta Avropa və ABŞ seçki qanunvericiliyindən demokratik olduğnu bəyan edib. Bununla yanaşı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanda keçirilən seçkilərin heç birinin Avropa İttifaqı standartlarına uyğun olmadığını bəyan edib. ATƏT qurumu bir qayda olaraq Azərbaycanı onların seçki müşahidə missiyalarının tövsiyyələrini yerinə yetirməyə çağırır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: Rusiya dronu Çernobıl AES-i vurub
please wait

No media source currently available

0:00 0:11:20 0:00
XS
SM
MD
LG