Yerli rəsmilərin verdiyi məlumata görə, Rusiya ordusunun çərşənbə axşamı həyata keçirdiyi raket hücumu nəticəsində Ukraynanın şərqində yerləşən Xarkiv vilayətində azı beş nəfər həlak olub.
Xarkiv qubernatoru Oleh Sinehubovun Telegram kanalında paylaşdığı məlumata görə, raket İzyum şəhərinin mərkəzinə düşüb və 38 nəfəri yaralayıb.
Sinehubovun sözlərinə görə, hücum nəticəsində bir beşmərtəbəli yaşayış binası və bir neçə inzibati bina zədələnib.
Bundan əvvəl Ukrayna rəsmiləri bildiriblər ki, çərşənbə axşamına keçən gecə Rusiyanın PUA hücumları bir neçə bölgədə evlərə və digər tikililərə ziyan vurub.
Ukrayna ordusu bildirib ki, hava hücumundan müdafiə qüvvələri Rusiya qüvvələrinin atdığı 65 pilotsuz uçuş aparatından 37-ni məhv edib. Müdafiə qüvvələrinin ələ keçirmə əməliyyatları Çerkası, Çernihiv, Kyiv, Poltava və Sumı vilayətlərində baş verib.
Sumı Regional Hərbi Administrasiyasının məlumatına görə, hücumlar nəticəsində bölgədə səkkiz ev və bir məktəb zədələnib.
Çerkası qubernatoru İqor Taburets Telegram kanalında bildirib ki, məhv edilən dronların qalıqları üç biznes obyektində yanğınlara səbəb olub.
Kyiv rəsmiləri isə qeyd ediblər ki, şəhərdə pilotsuz uçuş aparatlarının qalıqlarının düşməsi nəticəsində bir neçə məktəb və klinikaya ziyan dəyib.
Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı bildirib ki, onun hava hücumundan müdafiə qüvvələri Azov dənizi üzərində Ukraynaya məxsus idarə olunan raketi məhv edib.
ABŞ prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, Ukraynaya yardımın davam etdirilməsinin qarşılığında Ukraynanın nadir torpaq elementlərinə çıxış əldə etmək maraqlı ola bilər.
“Biz yüz milyardlarla dollar ayırırıq. Onların əla nadir torpaq elementləri var. Mən bu elementlərin təhlükəsizliyini təmin etmək istəyirəm və onlar bunu etməyə hazırdırlar”, Tramp Ağ Evdə jurnalistlərə deyib.
Ukraynada olan nadir torpaq elementlərinə litium və titan daxildir. Bu materiallar müasir yüksək texnologiyalı məhsullar üçün əhəmiyyətlidir.
Trampın bu açıqlamasından əvvəl Ukrayna prezidenti Volodimir Zelenski bazar ertəsi çıxışında ölkəsinin özünü Rusiya hücumlarından qorumaq üçün müdafiəyə ehtiyacı olduğunu bir daha vurğulayıb. O, Rusiyanın əsasən Ukraynanın enerji sektoruna hücum etdiyini bildirib.
"Onlar hücumlarını davam etdirirlər, hava hücumundan müdafiə imkanlarımıza uyğunlaşaraq zərbələrini daim tənzimləyirlər və bu, onları dəf etməyi çətinləşdirir", Zelenski deyib.
"Elektron müharibənin daimi sürətlə inkişaf etdiyini" deyən prezident Ukraynanı davamlı dəyişikliklərə uyğunlaşmaqda "daha sürətli olmağa" çağırıb.
Ukrayna üçün hava hücumundan müdafiə sistemlərinin tədarükü Şərqi Avropa ölkəsi üçün əsas problemlərdən biri olaraq qalır. Zelenski bildirib ki, ölkəyə bu sistemlərin tədarükü “kritikdir və dayanmamalıdır”.
“Biz dünya üzrə müdafiəni gücləndirmək yollarını daim axtarmalı, Ukraynada zəruri avadanlıqların istehsalını artırmalı, istehsal lokalizasiyasını genişləndirməli və tərəfdaşlarımızdan lisenziyalar əldə etməliyik. Bu, böyük bir işdir və Ukraynanın gələcəyi bundan çox asılıdır”, Zelenski bildirib.
Forum