Accessibility links

Tramp Ukraynaya dəstəyi nadir minerallar qarşılığında davam etdirməyi təklif edir


Volodimir Zelenski və Donald Tramp. 27 sentyabr, 2024. Nyu York.
Volodimir Zelenski və Donald Tramp. 27 sentyabr, 2024. Nyu York.

ABŞ prezidenti Donald Tramp Ukraynanın nadir torpaq minerallarına çıxış müqabilində ABŞ-ın Ukraynaya yardımını davam etdirməkdə maraqlı ola biləcəyini deyib.

“Biz Ukrayna ilə elə bir razılıq əldə etmək istəyirik ki, onlar bizim onlara verdiyimizə nadir torpaq minelları və başqa şeylərlə zəmanət verəcək,” Tramp bazar ertəsi Oval ofisində deyib.

Associated Press-in məlumatına görə, Tramp ABŞ-ın Ukraynaya Rusiyaya qarşı müharibəsi üçün yardımını davam etdirməsi müqabilində ABŞ-a nadir torpaq minerallarının tədarükü ilə bağlı razılaşma ehtimalına açıq olduğunu bildirib.

“Biz yüz milyardlarla dollar pul qoyuruq. Onların böyük nadir torpaq elementləri var. Və mən nadir torpaq elementlərinin zəmanətini istəyirəm və onlar bunu etməyə hazırdırlar,” ABŞ prezidenti bildirib.

Ukraynadakı nadir torpaq minerallarına litium və titan daxildir. Onlar bir sıra müasir yüksək texnologiyalı məhsulların istehsalı üçün vacibdir.

Ukrayna prezidenti Trampın açıqlamasından öncə bazar ertəsi gündəlik müraciətində ölkənin Rusiyanın davam edən hücumlarına qarşı özünü müdafiə etməyə ehtiyacının olduğunu bir daha vurğulayıb. Onun sözlərinə görə, Rusiya “əsasən Ukraynanın enerji sektorunu hədəfləyir.”

“Onlar hücumlarını davam etdirirlər, zərbələrini daimi olaraq müdafiəmizin imkanlarına uyğunlaşdırırlar, bu da onları dəf etməyi çətinləşdirir,” Volodimir Zelenski bildirib.

“Elektron müharibə daimi olaraq sürətli şəkildə təkamül edir” deyən prezident Ukraynanı davamlı dəyişikliklərə uyğunlaşmaqda “daha sürətli olmağa” çağırıb.

Ukrayna üçün hava hücumundan müdafiə sistemlərinin tədarükü Şərqi Avropa ölkəsi üçün başqa bir vacib məsələdir. Zelenski bildirib ki, bu tədarük “kritikdir və dayanmamalıdır.”

Zelenski həmçinin gündəlik müraciətində bildirib ki, o bazar ertəsi Ukraynanın baş komandanı Aleksandr Sırski ilə ölkənin silahlı qüvvələrinin modernləşdirilməsi barədə danışıb.

Bu müzakirənin bir hissəsi olaraq, onlar həmçinin “ən hazırlıqlı, ən perspektivli, döyüş təcrübəsi və müasir düşüncə tərzinə malik” korpus komandirlərinin təyin edilməsi haqqında danışıblar.

Prezident “Ordu müasir olmalıdır” desə də, bildirib ki, “ən əsası, xalqına dəyər verməlidir.”

Bundan öncə bazar ertəsi səhər saatlarında Rusiya rəsmiləri bildiriblər ki, Ukrayna dronları Rusiyanın cənub-qərbindəki iki regionda enerji obyektlərini hədəf alıb.

Volqoqrad qubernatoru Andrey Boçarov bildirib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilən dronların düşən qalıqları neft emalı zavodunda yanğınlara səbəb olub.

Həştərxan qubernatoru İqor Babuşkin deyib ki, Ukraynanın hücumları əsasən yanacaq və enerji obyektlərini hədəf alıb və bölgədə yanğına səbəb olub, ancaq itki yoxdur.

Rəsmilər hücumların olduğu obyektlər barədə ətraflı məlumat verməyib.

Rusiya Müdafiə Nazirliyi bazar ertəsi bildirib ki, gecə ərzində Rostov, Volqoqrad, Həştərxan, Voronej, Belqorod və Kursk vilayətlərində Ukraynanın 70 dronunu vurub.

Belqorod qubernatoru Vyaçeslav Qladkov Telegram-da bildirib ki, hücumlar nəticəsində üç ev və bir kənd təsərrüfatı müəssisəsinə ziyan dəyib.

Ukrayna ordusu bazar ertəsi bildirib ki, Rusiya qüvvələrinin gecə ərzində həyata keçirdiyi hücumlarda 71 drondan 38-i məhv edilib.

Onlar Çerkassı, Çernihiv, Dnipropetrovsk, Xarkiv, Xmelnitski, Kyiv, Poltava, Sumı, Vinnitsa və Zaporijjya vilayətləri üzərində həyata keçirilib.

Çerkassı qubernatoru İhor Taburets Telegram-da bildirib ki, dronların dağıntıları 4 yaşayış binasına ziyan vurub.

Xarkiv qubernatoru Oleh Sınehubov bildirib ki, Rusiyanın hücumu bir məktəbə ziyan vurub

Forum

XS
SM
MD
LG