Həbsdə olan “Toplum TV”nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli ictimaiyyətə, dövlət qurumlarına, habelə beynəlxalq təşkilatlara müraciət edib.
Martın 9-u Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli tərəfindən yayılan müraciətdə Ələsgər Məmmədli həbsini qanunsuz adlandırır və məhz buna etiraz əlaməti olaraq 11 ay davam edən “Toplum TV” işində ifadə vermədiyini bildirir.
O xəbər verir ki, artıq iş üzrə istintaq yekunlaşıb və ittiham aktı hər bir qovluqda 300 vərəq olmaqla 23 cilddən və 10 mindən çox səhifədən ibarətdir. İttihamlarla tanış olduğunu qeyd edən Məmmədli onlara ayrı-ayrılıqda münasibət bildirib.
İlk olaraq Cinayət Məcəlləsinin 162-1.1-ci (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə olan ittihama toxunan media eksperti bildirib ki, o, ümumiyyətlə “Toplum TV”də işəgötürmə məsələləri ilə məşğul olmayıb.
Daha sonra 192.3.2-ci (xüsusilə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) və 193-1.3.2-ci (...xeyli miqdarda törədildikdə) maddələrə toxunaraq qeyd edib ki, bu ittihamı sübut edəcək heç bir sübut yoxdur. “40 illik iş stajımın 18 ilini fərdi sahibkar kimi rəsmi qeydiyyatdayam. 2007-ci ildən qanunun bütün müddəalarına istisnasız olaraq əməl edən fərdi sahibkaram. Bu eyniləşdirici (VÖEN 3200121712) qeydiyyat nömrəsi ilə hər rübdə və ildə mütəmadi olaraq vergilərimi ödəmiş və sistemli şəkildə vergi bəyannamələrimi təqdim etmişəm. Vergi orqanlarına heç bir borcum olmadığı kimi hətta artıq ödənişim mövcuddur. Həbs edilmədən öncəki 2023-cü ildə dövlətə 3 min manatdan çox vergi ödəmişəm. Qanunsuz sahibkarlıqla məşğul olduğumu iddia etmək cəfəngiyyatdır”, - o müraciətində deyib.
Məmmədli ittiham aktına əsasən “cinayət yolu ilə əldə edib leqallaşdırdığı və qanunsuz əldə etdiyi vəsaitlə” aldığı iddia olunan avtomobil və noutbukları öz qanuni gəlirləri ilə aldığını deyib. “Həmin illərin və öncəki illərin vergi bəyannamələri də sübut edir ki, mənim bu əmlak üçün ödədiyim vəsait qanuni vergisini ödədiyim halal qazancımın yalnız az bir hissəsini təşkil edir. Bu vəsaitlər qanuni halal gəlirlərimlə əldə edilib, “cinayət yolu ilə” əldə edildiyinin iddiası belə çox çirkindir, böhtandır və insan ləyaqətinə aşağılayıcıdır. Mən bu iddiaları 30 ildən çox hüququn üstünlüyünə inanaraq insan hüquqlarını tədris edən, təbliğ edən biri olaraq özümə təhqir hesab edirəm”, - deyə o bildirib.
Məmmədli davam edərək vergidən yayınma və qaçaqmalçılıq maddələri üzrə ittihamların da yalan olduğunu məktubunda yazıb. O deyib ki, polisin evindən tapdığını iddia etdiyi 7300 avro pul vəsaiti polisin özləri tərəfindən evinə yerləşdirilib.
Media eksperti heç vaxt qrant almadığını, həmişə müxtəlif qurumlarla xidmət müqavilələri ilə çalışdığını vurğulayıb. “Bu qurumlara Milli Televiziya və Radio Şurası kimi dövlət qurumu, ADA Universiteti kimi mötəbər təhsil qurumu, beynəlxalq təşkilatlardan Almaniya Texniki Əməkdaşlıq Təşkilatı, səfirliklər, BMT-nin UNDP təşkilatı da daxildir. Bunların hər biri xidmət müqavilələri olub və icra edildikdən sonra aldığım vəsaitlər qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq vergi məcəlləsində müəyyən edildiyi üzrə sənədləşdirilmiş vergi və daha sonra mənfəət vergisinə tabe tutulmuşdur. Vergi bəyannamələrində bunun hər birinin dəqiq sübutu var”, - deyə o bildirib.
“Beynəlxalq təşkilatlarda çalışdığım illərdə aldığım maaş nazirlərin, deputatların, icra hakimiyyəti başçılarının maaşından xeyli yüksək olduğu halda yalnız bir ev və bir avtomobil ala bilmişik. Mənim dövlət büdcəsinə ödədiyimin onda birini ödəməyənlərin milyonlarla ölçülən mülkləri var və utanmadan məni qanunsuz əməldə ittiham edirlər. İndi məni ittiham edənlər, həbsimizi sifariş verənlər özlərinin son 19 ildə ödədikləri vergiləri və malik olduqları əmlakı ictimaiyyətə açıqlaya bilərlərmi?”, - deyə Məmmədli müraciətinin sonunda sual edib.
O, həm də səhhətində olan problemlərlə bağlı cərrahi əməliyyata və müalicəyə ehtiyacı olduğunu, bununla bağlı ev dustaqlığına buraxılmaq üçün vəsatət verəcəyini bildirib.
Ələsgər Məmmədli ötən il martın 8-də “Toplum TV işi” çərçivəsində saxlanılıb, “xarici valyuta qaçaqmalçılığı” ittihamı ilə barəsində həbs qətimkan tədbiri seçilib və həbsin müddəti bir neçə dəfə uzadılıb.
Məmmədlinin səhhətindəki problemlərlə əlaqədar narahatlıqlara, çoxsaylı müraciətlərə baxmayaraq, yerli məhkəmələr müdafiə tərəfinin Məmmədlinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlərini də təmin etməyib.
“Toplum TV” nəşrinin redaksiyası ötən il martın 6-da həyata keçirilən polis reydindən sonra möhürlənərək qapadılıb. Polis həmçinin “Demokratik Təşəbbüslər İnstitutu” və “III Respublika Platforması”nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb.
“Toplum TV işi” çərçivəsində Ələsgər Məmmədli ilə yanaşı, jurnalist Müşfiq Cabbar, “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri Akif Qurbanov, əməkdaşları Əli Zeynalov və İlkin Əmrahov və “III Respublika Platforması”nın Qurucu Heyət üzvü Ruslan İzzətli də həbs edilib.
İlkin olaraq qaçaqmalçılıqda ittiham edilən jurnalistlər və fəallara qarşı ittihamlar yanvarın 17-də 6 yeni ittihamla ağırlaşdırılıb. Eyni gündə “Toplum TV”-nin polis nəzarətində olan jurnalisti Fərid İsmayılov barəsində də həbs qətimkan tədbiri seçilib.
Fevralın 5-də isə “Toplum TV”-nin daha bir jurnalisti – Şahnaz Bəylərqızı eyni ittihamlarla həbs edilib.
Azərbaycanda jurnalistlərə və fəallara qarşı 2023-cü ilin sonlarından başlayan təqiblərin dayandırılmasına dair çoxsaylı beynəlxalq çağırışlara baxmayaraq, azərbaycanlı rəsmilər fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir və ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.
Ancaq yerli hüquq müdafiə təşkilatlarına əsasən, Azərbaycanda hazırda 300-dən artıq siyasi məhbus var. Azərbaycan Sərhədsiz Reportyorların 2024-cü il Qlobal Mətbuat Azadlığı İndeksində media azadlığı sahəsində 180 ölkə arasında 164-cü yerdə qərar tutub.
Forum