"Özünü bank sahəsində ekspert kimi təqdim edən Əkrəm Həsənov banklarda faktlarla təsdiq olunmayan cinayət əməllərinin olması barədə əsassız iddialar irəli sürərək əmanətçiləri banklarda olan vəsaitlərini geri götürməyə çağırışlar etməklə əhali arasında ajiotaj yaradan, banklardan əmanətlərin qaçışına, likvidlik problemlərinin yaranmasına və nəticə etibarı ilə maliyyə sistemində arzuolunmaz hallara səbəb olma ehtimalı yaratdığından Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət edilmişdir. "Prokurorluq haqqında” Qanununun tələblərinə müvafiq olaraq bankların işgüzar nüfuzuna xələl gətirən, qərəzli informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə oxşar məzmunlu açıq çağırışlar edəcəyi, habelə bu qəbildən olan məlumatların ictimailəşdirilməsini davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilmişdir". Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Baş Prokurorluq bildirir ki, hazırda Ə.Həsənov tərəfindən bank sahəsində aparılan islahatlara kölgə salmaq məqsədi güdən qeyd olunan əsassız fikir və məlumatların yayılmasının məqsədinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Öz növbəsində, Əkrəm Həsənov facebook səhifəsində prokurorluğa çağırılmasının səbəbini belə izah edib.
"İndicə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən döndüm. Ciddi bir şey yox idi. Guya 4 bank (Xalq Bank, Bank Respublika, Bank of Baku və Bank VTB) məndən Palataya şikayət edib, Palata da həmin şikayətlər əsasında sözügedən İdarəyə. Səbəb də guya mənim bu iki müsahibəmdir: https://www.amerikaninsesi.org/a/iqtisadiyyat/3909935.html https://www.amerikaninsesi.org/a/iqtisadiyyat/3909935.html və http://xeberfakt.az/gundem/5559-qtisad-4-bankn-qaranlq-taleyindn-dand.html. Guya bu müsahibələrimlə onların və bütövlükdə bank sisteminin nüfuzuna xələl vururam. Tamamilə cəfəng ittihamlar idi. Buna görə də İdarənin əməkdaşlarının sualları da əsasən müsahibələrimdə dediyim bəzi məqamları izah etməyimlə bağlı idi. Məsələn, “bank sistemindən oğurlanmış vəsaitlər” dedikdə konkret hansı cinayət tərkiblərini ehtiva etmişəm? Mən də izah etdim ki, məsələn, dələduzluq, qanunsuz kredit alma, vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və s.
Onu da deyim ki, bu İdarədə əvvəllər olmamamışdım. Çox savadlı, nəzakətli və məlumatlı (o cümlədən mənim fəaliyyətim haqda) gənc kadrları var. Onlara bildirdim ki, şikayətin niyə məhz bu İdarəyə edilməsinin özü təəccüblüdür: tutaq ki, lap mən bu bankların nüfuzuna zərər vurmuşam, məhkəməyə versinlər də məni, korrupsiya əməli yoxdur axı burada. Amma dəvətə görə onlara təşəkkür də etdim və dedim ki, elə özüm də bu İdarəyə gəlmək istəyirdim. Çünki bu gün “Bank Standard”ın Kreditorlar Komitəsinin qərarı ilə Mərkəzi Bankın və Palatanın sözügedən bankı vaxtı ilə necə yoxlaması haqda araşdırmanın aparılması barədə Baş Prokurorluğa müraciət edəcəyik (İdarənin əməkdaşlarına dedim ki, haqqımdakı şikayətin əslində bu məsələ ilə bağlı olması zənnindəyəm). Onlar da dedi ki, göndərin, baxarıq müraciətinizə. Bir sözlə, danışdıq ki, gələn dəfə mən şikayətçi qismində qonaq gələcəyəm. Sonda iftarımı da İdarədə açıb çıxdım.
Mən 2 ildən çoxdur bank sistemi haqda yazıram. Daha sərt çıxışlarım da olub. Amma nədənsə məhz indi – “Bank Standard”ın Kreditorlar Komitəsi Mərkəzi Bankı, Palatanı və Əmanətlərin Sığortalanması Fondunu küncə sıxanda belə hadisə baş verdi. Deməli, biz düz yoldayıq! Bu yolu da davam edəcəyik!" o qeyd edib.