Accessibility links

Büdcəyə yenidən baxılacaq


Azərbaycan Hesablama Palatası cari ilin Dövlət Büdcəsinə dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsini müzakirə üçün parlamentə göndərilməsini tövsiyə edib. Bu barədə Turan agentliyinin məlumatında deyilir.

Bununla bağlı müzakirələr parlament nəzarəti ali orqanının iclası gedişində aparılıb. Maliyyə naziri Samir Şərifovun Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq üzrə Komitəsinin iclasında qanun layihəsinin müzakirəsi zamanı bildirdiyi kimi, Azərbaycanın cari ilə Dövlət Büdcəsinə yenidən baxılması bank və maliyyə sisteminin sabitliyini təmin etmək zərurətindən irəli gəlir. Digər səbəblər arasında nazir həmçinin ölkənin daxili və xarici öhdəliklərinin tənzimlənməsi zərurətini göstərib.

Ölkənin əsas maliyyə sənədinin yenidən baxılmış variantında gəlirlər 16,77 mlrd. manat səviyyəsində proqnozlaşdırılır ki, bu da cari il üçün ilkin proqnozdan 3,1% çoxdur. Xərclərə gəldikdə isə, onlar 17,94 mlrd. manat səviyyəsində müəyyənləşdirilib (1,04 mlrd. manat və ya 6,2% çox). Məxaric maddəsinin artırılması Dövlət Büdcəsi kəsirinin 0,5 mlrd. manat həcmində (proqnozlara nisbətdə +18%) artmasına gətirib çıxaracaq.

Əsas fiskal qanununa yenidən baxılması çərçivəsində Azərbaycan Beynəlxalq Bankının (ABB) avrobond buraxması üçün xarici borcalmaların yuxarı həddini 4,5 mlrd. manata qədər artırmaq planlaşdırılır. Dövlət Büdcəsi xərclərinin artmasının daha bir səbəbi kimi dövlət balansında olan uşaq bağçalarının saxlanılması üzrə xərclərin tənzimlənməsi, həmçinin ölkənin şəhər və rayonlarında yeni uşaq bağçalarının yaradılması prosesinin maliyyə təminatı göstərilir. Xərclərin artması həmçinin Azərbaycan Əmanətlərin Sığortalanması Fondu və Azərbaycan Dövlət Neft Şirkəti üçün əlavə vəsaitin ayrılması ilə bağlıdır. Bundan əlavə, Azərbaycan Mərkəzi Bankının xarici borclarının yenidən strukturlaşdırılmasına dövlət təxminən 4 mlrd. manat ayıracaq.

İclasın sonunda 2017-ci il üçün Dövlət Büdcəsinə yenidən baxılması üzrə qanun layihəsini Milli Məclisin plenar iclasında müzakirə etmək tövsiyə olunub. Və nikbinlik üçün əsas Maliyyə Nazirliyinin açıqladığı Dövlət Büdcəsinin cari ilin birinci rübünün yekunları üzrə gəlirləri ola bilər: rəsmi məlumatlara görə, onlar proqnozlaşdırılan 3,473 mlrd. manata qarşı 3,4% artaraq 3,591 mlrd. manat təşkil edib.

O cümlədən, Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 1,42 mlrd. manat və ya ümumi vəsaitin 40%-dən çoxunu, Dövlət Gömrük Komitəsinin xətti ilə isə 571 mln. (proqnozdan 17,5% çox) manat təşkil edib. Məhz bu səbəbdən "xalqın pul daxılı"nın doldurulmasına cavabdeh olan həmin qurumların xətti ilə daxilolmaların bir neçə pozisiya artırılması (Vergilər Nazirliyi - 135 mln. Dövlət Gömrük Komitəsi - 50 mln. manat) planlaşdırılır. Həmçinin büdcədənkənar gəlirlər hesabına 76 mln. manat həcmində əlavə vəsaitlərin cəlb olunması nəzərdə tutulur. Mərkəzi Bankın mənfəəti də Azərbaycanın Dövlət Büdcəsinə daxil olacaq.

"Büdcənin məxaric hissəsinin artması, əsasən, Azərbaycan Beynəlxalq Bankının xarici borc öhdəliklərinin yenidən strukturlaşdırılması ilə bağlıdır", - deyə "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov bildirib. İqtisadçı izah edib ki: "Büdcənin məxaric maddəsinin artırılması üçün başlıca əsas Azərbaycan Beynəlxalq Bankının onun xarici borc öhdəliklərinin sonradan dövlətə keçməsi ilə sağlamlaşdırılmasıdır. Beləliklə, indiki halda, digər hallarla yanaşı, məhz Beynəlxalq Bankın sağlamlaşdırılması ölkənin əsas maliyyə sənədinə yenidən baxılmasını zəruri etmiş əsas amildir. Bu, onunla bağlıdır ki, qüvvədə olan büdcədə bu məqsədlər üçün vəsait nəzərdə tutulmayıb, dövlət isə tezliklə bu maliyyə qurumunun öhdəlikləri üzrə cavab verməli olacaq".

Onun sözlərinə görə, xarici borcun bir hissəsini bu ilin sonuna qədər qaytarmaq lazım gələcək və bu səbəbdən, dövlət büdcəsinə yenidən baxmaq tələb olunur, çünki adları çəkilən xərclər orada nəzərdə tutulmayıb. Beləliklə, müsahibimizin dediyi kimi, məhz Beynəlxalq Bankın sağlamlaşdırılması "xalqın pul kisəsi"nin məxaric hissəsinin artırılmasını tələb edib ki, bu da yaranmış kəsir artımı hesabına əldə olunub. Bundan başqa, artıq deyildiyi kimi, yenidən baxılmış məxaric hissəsi digər istiqamətlərdə xərcləri nəzərdə tutur. Axı, dünən maliyyə naziri Samir Şərifovun bəyan etdiyi kimi, büdcə Azərbaycan Əmanətlərinin Sığortalanması Fonduna (AƏSF) və ARDNŞ-ya əlavə ödənişlər şəklində yüklənməyə məruz qalacaq.

Əmanətlərin Sığortalanması Fondunun maliyyələşdirilməsi məsələsini şərh edərkən, F.Yusifov bildirib ki, bu, həmin qurumun məxaric maddələrinin artırılması planları ilə bağlıdır. "Əmanətlərin Sığortalanması Fondu bankların iflası səbəbindən əmanətçilərin sığortalanmış vəsaitlərinin ödənilməsi ilə məşğul olduğundan bu quruma da əlavə vəsait ayrılır, deməli, sərəncamda olan vəsait mövcud planların maliyyələşdirilməsi üçün kifayət deyil", - deyə mənbə qeyd edib və dəqiqləşdirib ki, gəlirlər vergi ödəyicilərinin, büdcə kəsiri isə onun ödənilməsi mənbəyi hesabına təmin olunacaq. Bu, Neft Fondunun vəsaiti və ya beynəlxalq maliyyə institutlarının hansısa kredit resursları ola bilər.

"Yadımdadır, materiallarda kəsirin nəyin hesabına ödəniləcəyi barədə məlumat yoxdur", - deyə o bildirib.

Qüvvədə olan "Azərbaycanın 2017-ci il üçün Dövlət Büdcəsi haqqında" Qanuna görə, ölkənin əsas maliyyə sənədinin gəlirləri 16,255 milyard manat, xərcləri isə 16,9 mlrd. məbləğində manat təsdiq edilb (büdcədə neftin 1 barelinin qiyməti $40 qədərində nəzərdə tutulmaqla).

XS
SM
MD
LG