Accessibility links

QHT Koalisiyası hökuməti MSŞT-yə qayıtmağa çağırır


Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)

Mədən Sənayesində şəffaflıq üzrə QHT Koalisiyası Şurasının koordinatoru Qubad İbadoğlu hökuməti beynəlxalq şəffaflıq təşəbbüsünə qayıtmağa və beynəlxalq təşəbbüs-hökumət-vətəndaş cəmiyyəti formatında əməkdaşlığı bərpa etməyə çağırıb.

O, mayın 10-da Bakıda keçirilən mədən sənayesində şəffaflıq üzrə QHT Koalisiyasının ümumi toplantısında bildirib ki, Azərbaycanın MSŞT-dən çıxması dövlətin beynəlxalq imicinə ziddi ziyan vuracaq, ölkəyə xarici investisiya yolunda maneəyə çevriləcək.

Q.İbadoğlu qeyd edib ki, hakimiyyətin yaratdığı hökumət və QHT (loyallar nəzərdə tutulur- red.) formatı effektiv ola bilməz və mədən sənayesində şəffaflığı tam təmin edə bilməz.

O xatırladıb ki, bu ilin martında Boqotada MSŞT-nin Beynəlxalq İdarə Heyətinin iclasında Azərbaycanın üzvlüyü dayandırılıb. O zaman QHT sahəsində vəziyyətin düzəldilməsi ilə bağlı hökumət yetərli tədbirlər görmədiyinə görə Azərbaycanın üzvlüyünün dayandırılması qərara alınıb.

Hökumət vətəndaş cəmiyyəti üçün əlverişli hüquqi və faktiki mühitin yaradılması barədə vədini yerinə yetirməyib. Bu, vətəndaş cəmiyyəti qurumlarının sərbəst maliyyələşmə imkanlarına malik olmasını, ümumi müzakirələrə açıqlığı, ədalətsiz və saxta ittihamlarla həbs edilən məhbusların azad olunmasını əhatə edir.

Bundan əlavə, son vaxtlar koalisiya üzvləri Fuad Qəhrəmanlı, Asif Yusifli, Mehman Hüseynov, Əziz Orucov saxta ittihamlarla həbs olunub, Q. İbadoğlu qeyd edib.

O deyib ki, bütün mənfi hallara baxmayaraq, koalisiya öz işini davam etdirib, belə ki, hökumətdən fərqli olaraq, vətəndaş cəmiyyəti ölkənin MSŞT-də iştirakında maraqlıdır.

Koordinator hesabat dövründə koalisiyanın fəaliyyətinə dair sənədi, nizamnaməyə dəyişiklikləri və monitorinq qrupunun hesabatını toplaşanlara təqdim edib. Bundan sonra müzakirələr başlayıb.

İclasın gedişini ABŞ, Fransa, Norveç, Avropa İttifaqının diplomatik missiyalarının nümayəndələri izləyiblər.-

XS
SM
MD
LG