Accessibility links

İndoneziya hökuməti və separatçı qüvvələr müharibəyə son qoymağa çalışırlar


İndoneziya hökuməti və separatçı qüvvələr Açeh vilayətində artıq 29 il davam edən müharibəyə son qoymağa çalışırlar. Lakin Amerikanın Səsinin müxbiri Nensi Amelia Kollins Cakartadan xəbər verir ki, bu təşəbbüslərə baxmayaraq ən böyük maneə və geniş yayılmış narahatlıqlar hələ də mövcuddur. İndoneziya hökuməti və Açeh Azadlıq Hərəkatının nümayəndələri arasında sülh danışıqlarının beşinci turu Finlandiyada keçirilir. Onlar Açeh vilayətində silahsızlaşdırma və üsyançıların siyasi təmsilçiliyi kimi çətin məsələlər barədə danışıqlar aparırlar. Lakin tam razılıq əldə etmək üçün İndoneziya parlamenti Açeh Azadlıq Hərəkatının siyasi partiya kimi fəaliyyəti üçün öz qanunlarında dəyişikliklər etməlidir. Seçki qanunu ancaq qərərgahları Cakartada yerləşən partiyaların iştirakına imkan verir. Hökumət yerli partiyaların separatizmi təşviq edəcəyindən ehtiyat edir. Həm millətçi, həm də hərbi fraksiyaların dəyişikliklərə etiraz edə bilər. lakin buna baxmayaraq, vitse-prezident Jusuf Kalla hökumətin Açeh Azadlıq Hərəkatı məsələsinin həllinə razı olduğunu deyir. Vitse-prezident Kalla deyir ki, hökumət Açeh Azadlıq Hərəkatıının keçmiş üsyançılarına Açehdə siyasi partiya yaratmasına kömək etmək istəyir. Açeh Azadlıq Hərəkatının sözçüsü Nur Culi bildirib ki, razılıq tərəflərin münaqişəyə son qoymaq istəyini göstərir. Xatırladaq ki, Açeh Azadlıq Hərəkatı 1976-cı ildən müstəqillik uğrunda mübarizə aparır. Bu münaqişədə indiyə qədər əksəriyyəti dinc əhali olmaqla, 15 mindən çox insan həlak olmuşdur. Əvvəllər də hökumət və Açeh Azadlıq Hərəkatı arasında sülh danışıqları aparılmış, lakin heç bir nəticə əldə edilməmişdi. Keçən il, dekabr ayının 26-da baş verən sunami nəticəsində 160 min insanın həlak olması və yarım milyon insanın evsiz-eşiksiz qalması tərəfləri yenidən yanvar ayında danışıqlara qaytardı.
XS
SM
MD
LG