Accessibility links

İraqda intiharçı hücumu nəticəsində 90 nəfər ölüb


Bu gün Bağdad yaxınlığında sakinləri əsasən şiə olan Kazimiyyə şəhərində intiharçının hücumu nəticəsində 90-na yaxın adam həlak olmuş, azı 160 nəfər bədən xəsarəti almışdır. Kazimiyyə polisi bildirir ki, səhər saat 7-də intiharçı mikro-avtobusla getmək üçün meydana toplaşan inşaat işçilərinə hücum edib. Şahidlərin dediyinə görə isə intiharçı maşını inşaatçıların yaxınlığına sürrərək partladıb. Qeyd edək ki, iki həftə əvvəl də Kazimiyyədə 7-ci imam Musa Əl-Kaziminin vəfatının ildönümünü ziyarətə gələn azı 800 adam Dəclə çayı üzərindəki körpüdəki basırıq nəticəsində həlak olmuşdu. Hökumət bu faciənin səbəblərini araşdırır.

Bu arada Amerikanın səsinin müxbiri Bağdadın ətrafında da bir sıra hücumların həyata keçirildiyini bildirir. Hərbi rəsmilər isə deyirlər ki, Birləşmiş Ştatların hərbi maşın karvanına qarşı hücum nəticəsində bir neçə əsgər yaralanıb. İraqın Əl-Qaida terror şəbəkəsilə əlaqəsi olan qrupun veb səhifəsində bildirilib ki, Bağdad hücumları Amerika və İraqın hərbi qüvvələrinin Tel Afər şəhərinə qarşı hücuma cavab mahiyyəti daşıyır. Bu əməliyyatlar İraq liderlərinin konstitusiya layihəsini BMT-yə göndərdiklərini açıqladığı bir vaxta təsadüf edir.

XS
SM
MD
LG