Texas və Luiziana ştatlarının rəsmiləri tədricən təhlükəli səviyyəyə qədər güclənən Rita qasırğası qarşısında hazırlıqlar görürlər. Son məlumatlara əsasən, qasırğa saatda 225 kilometr sürətlə Meksika Körfəzinə yaxınlaşır. Meteoroloqların bildirdiyinə görə, Rita qasırğasının şənbə günü Texasa çatacağı və Katrina qasırğasından sonra bərpa olunmağa başlayan Luiziana ştatına gücül küləklər və yağışlar gətirəcəyi gözlənilir. Yeni Orleanda mühəndislər üç həftə bundan əvvəl Katrina qasırğasının gətirdiyi sellərə davam gətirməyən bəndlər sistemini gücləndirməyə çalışırlar. Yeni Orlean və Texas ştatının Qalveston şəhərində məcburi evakuasiya elan edilib. Rəsmilər Hyuston şəhərinin meri şəhərin selə məruz qala biləcək yerlərindən əhalinin çıxması haqda göstəriş verib. Katrina qasırğasındaın sonra buraya evakuasiya edilmiş insanlar indi başqa yerə köçürülür. Rita qasırğasını dördüncü kateqoriyaya aid qasırğa elan etmiş Birləşmiş Ştatların Milli Qasırğa Mərkəzi növbəti 24 saat ərzində qasırğaının güclənərək 5-ci kateqoriyaya çata biləcəyini bildirib.