Accessibility links

İsrail İordan Çayının Qərb Sahillərində genişmiqyaslı reydlər aparır


İsrail iki gündən bəri Qəzzə Zolağına hava axınları təşkil edib və İordan Çayının Qərb Sahilində Həmas və Cihad qrupunun 200-dən çox üzvünü həbs edib. İsrail ordusunun nümayəndəsi bildirib ki, əməliyyat zamanı yaraqlıların Qəzzə Zolağındakı silah zavodu və təlim bazaları hədəf alınmışdı. Yeddi ay əvvəl atəşkəs əldə etdikdən bəri İsrailin hərbi qüvvələri ilk dəfədir ki, İordan Çayının Qərb Sahilində genişmiqyaslı reydlər həyata keçirir. İsrailin bu əməliyyatı yaraqlıların Qəzzə Zolağından İsrail ərazisinə 40-dan çox raket atmasından sonraya təsadüf edir.

Baş Nazir Ariel Şaron kabinetinin yığıncağında İsrail ərazisinə raket hücumlarının qarşısının alınması məqsədi daşıyan bu hərbi əməliyyata göstəriş verdiyini bildirib. Kabinet naziri İshaq Herzoq isə deyib ki, İsrail hərbi qüvvələri Qəzzə zolağından çıxarılıb və beynəlxalq sərhədlərə yerləşdirilib. Beləliklə, fələstinlilərin hücumlarına heç nə bəraət qazandıra bilməz deyə nazir bildirib. Fələstin rəsmiləri İsrailin reydlərini qınayıb, həmçinin Həmas qrupunun silah paradını tənqid ediblər. Fələstinin müzakirəçisi Saeb Erekat tərəfləri atəşkəsə riayət etməyə çağırıb.

XS
SM
MD
LG