Accessibility links

Suriya və Livan BMT-nin Rafiq Həririnin qətlinə dair hesabatı rədd ediblər


Suriya və Livan BMT-nin Livanın sabiq baş naziri Rafiq Həririnin qətlində Suriya və Livanın yüksək vəzifəli rəsməilərinin əli olduğuna dair hesabatı rədd ediblər.
Livanın Suriya əleyhdarı siyasi xadimləri BMT-nin hesabatını alqışlayıblar. Hesabatda qeyd edilib ki, Rafiq Həririnin qətl planı bir neçə ay ərzində hazırlanmış, əsaslı mənbələrə malik olan təşkilatlanmış qrup tərəfindən həyata keçirilib. Nyu-Yorkda dünən axşam açıqlanan hesabat bu gün səhər livanlıların böyük marağı ilə qarşılanıb. Belə ki, sərlövhələri oxumaq üçün qəzet kioskları qarşısında çoxsayda adam toplaşmışdı. Hesabatda heç kimə qarşı birbaşa ittiham irəli sürülməsə də, Suriya və Suriyaya arxalanan rəsmilərə işarə edilir. Bunlar arasında Həririnin qətlinə səbəb olan partlayışdan bir neçə dəqiqə əvvəl prezident Emil Lahudun telefon söhbətinə toxunulur. Prezident idarəsi isə bunu inkar edir. Burada bir şahidə istinadən bildirilir ki, Suriya hərbi kəşfiyyat idarəsinin rəisi, prezident Bəşar Əl-Əsədin qaynı Asəf Şövkət Həririnin qətlindən iki həftə əvvəl bir islamçı yaraqlını qətli boynuna götürməyə məcbur etmişdi. Suriyanın İnformasiya naziri Mehdi Dəxlallah Əl-Cəzirə tele-kanalına alman prokuroru Detlev Mehlis tərəfindən hazırlanan hesabatın siyasi motivlərə və yanlış ittihamlara əsaslandığını bildirib.

XS
SM
MD
LG