Fələstin muxtar idarəsi İordan çayının qərb sahilində Əl-Əqsa şəhidlər briqadasının təcili şəkildə tərk-silah ediləcəyini bildirib. İdarənin bu sərəncamı prezident Mahmud Abbasın Vaşinqton səfərindən sonraya təsadüf edir. Əl-Əqsa şəhidlər briqadasının tərk-silah planı Fələstin Təhlükəsizlik Şurasının yığıncağından sonra açıqlanıb. Tərk-silah son vaxtlar Fələstin fraksiyaları arasında zorakılıqların kəskin şəkildə artmasından sonra atılan ilk addım olacaq. İordan çayının qərb sahilinin polis rəisi Tahir Zaid deyir ki, tərk-silah planı uzun zaman zorakılıq tarixinə malik olan Nablus şəhərindən başlanacaq. O, həmçinin bildirib ki, Əl-Əqsa şəhidlər briqadasının üzvləri üçün təlim düşərgələri təşkil ediləcək və onların çoxu təhlükəsizlik qüvvələrində xidmətə cəlb ediləcək. Cənab Zaid bildirib ki, silahlarını yerə qoymaqdan imtina edənlərə qarşı ölçülər tətbiq ediləcək. Lakin qrupun aparıcı komandirləri plana şübhə ilə yanaşdıqlarını bildirərək, İsrail hərbi qüvvələri İordan çayının qərb sahilindən çıxarılmayınca tərk-silah olmayacaqlarını deyirlər. Qeyd edək ki, Qəzzə zolağı və İordan çayının qərb sahilindəki zorakılıqlara görə günahlandırılan Əl-Əqsa şəhidlər briqadasının üzvləri hakim Fəth partiyasının nümayəndələridir.