Hindistan rəsmiləri dünən paytaxt Dehlidə 3 bomba partlayışı nəticəsində 61 nəfərin həlak olması və 150-dən çox insanın yaralanmasının səbəbkarlarını axtarır. Paytaxtda fövqəladə vəziyyət elan edilib. Rəsmilər paytaxtdakı bütün bazarların bağlanmasına sərəncam veriblər və adamlara izdihamlı yerlərə getməməyi tövsiyyə ediblər. Polis paytaxt ətrafındakı bütün yolları bağlayıb. Bomba partlayışları hinduların Divali adlı illik festivalları və müsəlmanların orucluq bayramına hazırlıq gördükləri vaxta təsadüf edir. Polis bu əməliyyatlarla bağlı 10 nəfərin həbs edildiyini bildirir. Hökumətin göstərişinə baxmayaraq onlarla dükan və qonaq evi açıqdır. Bombaların biri avtobusda, ikisi isə bazarda biri-birinin ardınca partlayıb. İndiyə qədər məlum olmayan və özünü İnqilab adlandıran qrup Hindistan Kəşmirinin xəbərlər agentliyinə bu əməliyyatların məsuliyyətini daşıdığını bildirib. Amma bu iddianın düzgün olub-olmadığı hələlik bilinmir. Hindistanın baş naziri Manmohan Sing partlayışları qınayıb və paytaxt daxil olmaqla ölkənin digər bölgələrində təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədi ilə hökumətinin yığıncağını çağırıb.