Accessibility links

Kondaliza Rays Suriyanı tənqid atəşinə tutdu


Birləşmiş Ştatların dövlət katibi Kondaliza Rays Bəhreyndə keçirilən regional konfransda etdiyi çıxışı zamanı keçən ilin nəticələrinə əsaslanaraq müsəlman ölkələrindəki siyasi islahatları dəstəklədiyini demiş və bu sahədə onları daha çox iş görməyə çağırmışdır. Lakin o, Suriyada insan hüquqlarının tapdalandığını bildirmişdir.

Xanım Rays bu gün Bəhreyndə keçirilən, 36 ölkənin iştirak etdiyi “Gələcək Naminə” Forumda çıxış edərkən Vaşinqtonla Dəməşq arasındakı münasibətdən söz açmış və demişdir ki, Birləşmiş Ştatlar Suriyanı İslam militantlarına İraqa keçmək üçün öz ərazilərindən istifadə etməyə imkan yaratmaqda günahlandırır. Suriyanın xarici işlər naziri Faruk əl Şara zalda otururukən, xanım Rays Dəməşq hökumətini xüsusi tənqid atəşinə tutdu. Xanım Rays eləcə də, keçən il Rabatda ilk dəfə keçirilən Forumu Yaxın Şərq regionunda “azadlığa doğru nəhəng addım” adlandırmış və bunun hər iki dövlətdə, İraqda və Əfqanıstanda keçirilən demokratik seçkilərə təsiri olduğunu vurğuladı.

ABŞ dövlət katibi Birləşmiş Ştatların Suriya xalqının demokratik və azad yaşamaq əzmini dəstəklədiyini bildirdi. Xanım Rays Suriyanın azadlığı uğrunda mübarızə aparan və hal-hazırda siyasi məhbus olan Kamal Labvanini də yada saldı. Qeyd edək ki, Kamal Labvani bu ayın əvvəllərində Avropaya və Birləşmiş Ştatlara səfərindən sonra Dəməşqdə həbs edilmişdir.

Bundan sonra xanım Rays Forumda iştirak edən 25 Yaxın Şərq və Şimali Afrika ölkələrinin, eləcə də, inkişaf etmiş 8 ölkənin və Danimarka, İspaniya və Yunanıstanın nümayəndələri ilə görüşdü.

Xanım Rays bu gün axşam Birləşmiş Ştatlarla Səudiyyə Ərəbistanı arasında strateji danışıqlarda iştirak etmək üçün Ciddəyə yola düşəcək. Bazar ertəsi isə onun İsrail və Fələstin liderləri ilə görüşmək məqsədi ilə Qüdsə gedəcəyi gözlənilir.

XS
SM
MD
LG