İraq hökuməti cümə axşamı keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar sərhədləri bağlayacağını və bir çox şəhərlərdə komendant saatı tətbiq edəcəyini bildirib. Daxili İşlər Nazirliyi bildirir ki, çərşənbə axşamından etibarən şəhərlərdə komendant saatı tətbiq ediləcək və şənbə gününə qədər qüvvədə qalacaq. Maşınların gediş-gəlişinə məhdudiyyətlər qoyulacaq və onlara hərəkətləri üçün xüsusi icazə vəsiqələri veriləcək. Ölkənin bütün hava limanları isə çərşənbə günündən cümə gününə qədər bağlı olacaq.
Dekabrın 15-də keçiriləcək parlament seçkilərində şiələrin dini partiyaları koalisiyasının başqa partiyalarına nisbətən daha çox səs əldə edəcəyi güman edilir. Lakin təhlilçilər deyirlər ki, Milli Məclisə seçkilərdə heç bir partiya əksəriyyət əldə edə bilməyəcək. Buna görə də onlar şiə və kürd partiyaları ilə birlikdə koalisiya təşkil edəcəklərinə inandıqlarını bildirirlər. Bu seçkilər keçən oktyabrda referendumda əsas qanun təsdiq edildikdən sonra, İraqda keçiriləcək ilk parlament serçkiləri olacaq. Seçkilər nəticəsində daimi hökumət təşkil ediləcək. Təhlilçilər bu seçkiləri ilk demokratik seçkilər kimi dəyərləndirirlər. Ölkənin çoxlu sayda seçicisinin səsvermədə iştirak edəcəyi gözlənilir.
Bu arada İraqdakı Amerika hərbi qüvvələrinin rəsmiləri deyirlər ki, Bağdadın qərbində yol kənarında mina partlayışı nəticəsində bir Amerika əsgəri həlak olub. Xatırladaq ki, iki həftə öncə 4 qərblini girov götürən və çox az tanınan Haqq Qılıncı briqadası bildirmişdi ki, şənbə günənə qədər İraq və Amerika həbsxanlarında olan bütün məhbusları azad etməsələr, onlar girovları öldürəcəklər. Hələlik girovların taleyi barədə heç bir məlumat əldə edilməyib.