Accessibility links

ABŞ İranı dini azlıqlara təzyiqlərə görə ittiham edir


Birləşmiş Ştatlar keçən həftə İranı Bahai nümayəndəsinin həbsxanada vəfatına görə tənqid edib. Dövlət Departamenti deyir ki, İran azlıq təşkil edən Bahai təriqətinin üzvlərini sıxışdırır.

Birləşmiş Ştatların Dövlət Departamentinin bəyənatında bildirilir ki, Bahai təriqətinin nümayəndəsi Zabiullah Məhrami keçən həftə Yəzd həbsxanasında naməlum səbəbdən vəfat etmişdir.

Şahın hakimiyyəti dövründə hökumət işində çalışan Məhrami 1996-cı ildə İslam inqilabı məhkəməsi tərəfindən ölüm cəzasına məhkum edilmişdi. Birləşmiş Ştatlar, Britaniya və bir neçə qərb dövlətlərinin qəti etirazından sonra Avropa parlamenti ölüm cəzasının ömürlük həbs cəzası ilə əvəz edilməsinə nail oldu.

Dövlət Departamentinin bəyənatında cənab Məharaminin ailə üzvlərinə baş sağlığı verilir. Departamentin sözçüsü Adam Ereli İranda sünni müsəlmanlar, sufilər, atəşpərəslər, yəhudilər və xristianlar daxil edilməklə, azlıq təşkil edən dinlərə qarşı çıxıldığını, bu dinlərin nümayəndələrinin təzyiqlərə məruz qaldığını və həbs edildiyini deyib. Cənab Ereli deyib ki, Məhraminin məhkəmə işində qeyri-adi bir şey yoxdur, təəssüflər olsun ki, İran hökuməti siyasi və dini ittihamlarla vətəndaşlarını təqib edir. Cənab Ereli İranda bahailərə bir yerdə toplaşmağa, öz dini institutlarını qurmağa və sərbəst ibadət etməyə imkan verilmədiyini deyib. O, deyib ki, Birləşmiş Ştatlar İran hökumətini ayrı-seçkiliksiz, təzyiqsiz din azadlııqlara riayət etməyə çağırır.

Qeyd edək ki, Bahai təriqəti hələ 150 il bundan əvvəl İranda meydana gəlmişdir. Onun İranda minlərlə, eləcə də bütün dünyada beş milyondan çox nümayəndəsi var. Bu həftənin əvvəlində Nyu York şəhərindəki Bahai İcması cənab Məhraminin ölümünü İranın gizli şəkildə həyata keçirdiyi dəhşətli addım adlandırmışdır. İcma son bir neçə ildə 60-a yaxın bahainin həbs edildiyini və təzyiqlərə məruz qaldığını bildirib. Bahai icmasının nümayəndəsi cənab Məhraminin ölümündə İran rəsmilərinin tam məsuliyyət daşıdığını deyib.

XS
SM
MD
LG