Həftəsonu Amerikanın qərbində cərəyan edən tufan Kaliforniyada daşqınlar və torpaq sürüşmələri ilə müşaiyət olundu. Nəticədə ştatın şimalında şose yolları bağlandı. Xilasedicilər onlarla adamı daşqın sularından xilas edirkən sinoptiklər leysan yağışlarının yeni dalğasının yaxınlaşdığını xəbər verdilər. Kaliforniyanın şərabçılıq regionunun ürəyi olan Napa şəhərində çay 1.5 metr qalxaraq bəndi aşdı və su şəhərin küçələrinə axmağa başladı. Napa rəsmiləri təxmin edirlər ki, minə yaxın evi su basıb. Amerikanıın içərilərinə doğru, Nevada ştatının Reno şəhəri isə 1997-ci ildən bəri ən pis daşqınlara məruz qaldı. Traki çayı daşaraq ətrafdakı qəsəbələri bir metr yarım suyun altında qoydu. Çay kənarında yerləşən bizneslər bağlanmağa məcbur oldular. Torpaq sürüşmələri və daşqınlar qonşu Oreqon ştatında da maqistral yolların bağlanmasına səbəb olub.