Accessibility links

Elmar Hüseynovun qətlili bağli


2005-ci il martın 2-də saat 20.50-də müstəqil "Monitor" jurnalının baş redaktoru, 38 yaşlı Elmar Hüseynov öz evinin girəcəyində yeddi güllə ilə qətlə yetirilib. Baş Prokurorluq qətl faktı üzrə CM-in 120.2.4 və 228 maddələrilə (bilərəkdən xüsusi amansızlıqla adam öldürmə və qanunsuz odlu silah saxlama, gəzdirmə) cinayət işi qaldırıb. Hadisə yerindən 150 metr aralıda səsboğucusu olan "Makarov" tipli tapança, həmçinin cinayətkara məxsus olduğu ehtimal edilən yun papaq tapılıb. Bu amansız ölüm ölkə ictimaiyyətini sarsıdaraq lərzəyə gətirdi.

Qətlin açılması üçün DİN, MTN və Baş Prokurorluğun əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradıldı. Dövlət başçısı İlham Əliyev bu qətli Azərbaycanın imicinə vurulan "qara ləkə" adlandırarıq ictimaiyyəti əmin etdi ki, cinayətin tezliklə açılması, sifarişçilərin və qatillərin tapılıb cəzalandırılması üçün mümkün olan hər şey ediləcək. O həmçinin bildirdi ki, hakimiyyət bu qətldə maraqlı ola bilməz. Jurnalist öz peşə fəaliyyətilə bağlı dəfələrlə hədə-qorxulara məruz qalmışdı. Onu tez-tez hədələyir, dövlətin birinci şəxsləri barədə tənqidi yazılara son qoymağı tələb edirdilər. Hakimiyyət tərəfindən Elmara qarşı təqiblər hələ 1996-cı ildə başlamışdı. "Monitor" jurnalında "Azərbaycanlılar 21 əsrin milləti" məqaləsinin dərcindən sonra. Həmin ilin yayında məhkəmə jurnalı 16 mln. manat cərimələdi ki, bu da jurnalın maliyyə baxımından iflasa uğramasına səbəb oldu.

Jurnal 2000-ci ilin yanvarında "Monitor Uikli" adı ilə nəşrini bərpa etdi. Lakin mayın 6-da bağlandı. Buna "Heydər Əliyev - mif və reallıq" məqaləsi səbəb oldu. Redaksiyanın binası, "Bakı Printinq press" mətbəəsi və "Bakinskiy bulvar" qəzeti də "vergi pozuntularına" görə möhürləndi. Yoxlama zamanı heç nə aşkar olunmadı və bütün iddialar aradan qaldırılsa da hakimiyyət jurnalın fəaliyyətinə icazə vermədi. Eyni zamanda jurnala və onun əməkdaşlarına qarşı məhkəmə prosesləri başladı. 2000-ci il iyulun 17-də Yasamal Rayon Məhkəməsi "Monitor Uikli"nin lisenziyadan məhrum edilməsi barədə qərar çıxardı.

2001-ci ildə Nizami Rayon Məhkəməsi Bakı meri Hacıbala Abutalıbovun E.Hüseynova qarşı iddiasını təmin edərək onu 6 ay müddətinə azadlıqdan məhrum etdi. Bir aydan sonra Heydər Əliyev jurnalisti əfv etdi.

2002-ci ilin aprelində "Monitor" nəşrini bərpa etdi və 2005-ci ilin fevralına kimi işıq üzü gördü. Bu müddətdə "Monitor" dövlət məmurlarının və qurumlarının çoxsaylı iddiaları ilə qarşılaşmalı oldu. Belə ki, 2003-cü ildə məhkəmə Naxçıvanın Bakıdakı təmsilçisi Həsən Zeynalovun iddiası ilə "Monitor"u 100 min manat cərimələdi. "Monitor"un redaktoruna qarşı sonuncu iddianı Nizami Rayon Məhkəməsində Milli Məclisin deputatları Siyavuş Novruzov və Zəlimxan Yaqub "şərəf və ləyaqətlərinin təhqir olunduğuna görə" qaldırıb. 8 il ərzində məhkəmə icraçıları redaksiyanın, E.Hüseynovun və həmkarlarının əmlakını siyahıya almağa, müsadirə etməyə dəfələrlə cəhd göstərib. Bütün bunlar ayrı-ayrı deputatların, dövlət məmurlarının jurnalistlərlə haqq-hesab çəkmək barədə isterik çağırışları fonunda baş verib.

Elmarın qətli beynəlxalq təşkilatların kəskin etirazına səbəb olub. Onlar bu qətli hakimiyyətin siyasətinin məntiqi yekunu və ölkədə müstəqil KİV-ə qarşı dözümsüzlük atmosferi kimi qiymətləndirib.

"Mən Elmar Hüseynovun vəhşicəsinə öldürülməsindən sarsılmışam. Bu, Azərbaycanda fikir azadlığına hücumdur. E.Hüseynov demokratik cəmiyyətin əsaslarından olan azad KİV-in inkişafında böyük rol oynayıb"-deyə Avropa Şurasının baş katibi Terri Devis öz bəyanatında bildirib.

"Elmar Hüseynovun qətlə yetirilməsi Azərbaycanda tənqidlə məşğul olmağın nə dərəcədə təhlükəli olduğundan xəbər verir"-deyə Human Rights Watch təşkilatının bəyanatında qeyd olunub.

"Monitor" müntəzəm olaraq hakimiyyətin ünvanına tənqidlər dərc edib, dövlət məmurlarını total korrupsiyada suçlayıb. Bu, belə tənqidə son qoymaq və E.Hüseynovun yolu ilə getmək istəyənləri qorxutmaq məqsədi güdən sifarişli qətldir"-deyə NRW-nin bəyanatında vurğulanıb.

ABŞ Dövlət Departamenti də Elmarın - Azərbaycanın aparıcı jurnalistlərindən birinin qətlindən "sarsıldığını və kədərləndiyini" bildirib. "Elmar Hüseynovun ölümü ölkədə demokratiya və azad mətbuat üçün böyük itkidir"-deyə Dövlət Departamentinin bəyanatında bildirilib.

Elmarın müxalifətçi və müstəqil KİV-i təmsil edən həmkarları birmənalı olaraq hakimiyyəti qətlə bağlı sayıb. "Yeni Müsavat" Elmarın müsahibəsini təkrar dərc edib. Həmin müsahibədə o bildirmişdi ki, hələ Heydər Əliyev redaktorun fiziki baxımdan aradan götürülməsi üçün öz ətrafına göstəriş veribmiş.

Lakin qətlin təhqiqatında iştirak edən türk xəfiyyələrinin DİN podpolkovniki Hacı Məmmədovun Elmarın qətlinə bağlı olduğunu bildirməsi ölkədə əməlli-başlı rezonans doğurdu. Türkiyə təhlükəsizlik xidmətinin rəisi Ramazan Ər bu barədə Ankarada keçirilən mətbuat konfransında bildirmişdi. Onun bu fikirləri rəsmi Bakını şoka saldı. Azərbaycan rəhbərliyi bu bəyanatı təkzib etməyə tələsdi, belə ki, bu, faktiki olaraq hakimiyyətin cinayətə bağlılığından xəbər verirdi. "Sərhədsiz reportyorlar" təşkilatının baş katibi Rober Menar aprelin 6-9-da Bakıda səfərdə oldu və Elmarın işi ilə bağlı İlham Əliyevlə görüşdü. Təşkilat səfərin yekunlarına dair 8 səhifəlik hesabat yaydı. Sənəddə deyilirdi ki, xüsusi xidmət orqanları Elmara dəfələrlə xəbərdarlıq ediblər ki, İlham Əliyev və onun ailə üzvləri barəsində tənqidi yazılara son qoymasa öldürüləcək.

Aprelin 8-də iş prokurorluqdan alınaraq Milli Təhlükəsizlik Nazirliyinə verilib və terror aktı kimi təfsir olunub.

Mayın 4-də xüsusi xidmət nümayəndələri bildiriblər ki, iş üzrə əsas şübhəli bilinən Gürcüstan vətəndaşı Tahir Xubanovdur. Mayın 19-da hakimiyyət bildirib ki, qətlə daha bir Gürcüstan vətəndaşı Teymuraz Əliyev də bağlıdır. Lakin həmin şəxslər indiyədək tapılmayıb.

"Sərhədsiz reportyorlar" hakimiyyətə tövsiyə etdi ki, KİV-ə və beynəlxalq təşkilatlara təhqiqatın gedişi barədə tam informasiya verilsin. Lakin bu belə olmadı. Ötən ilin yayında T.Xubanovla T.Əliyev üçün mobil telefon almış Turqay Bayramov 2 il müddətinə azıdlıqdan məhrum edildi. Onun sözlərinə görə, T.Əliyev, T.Xubanov və digər iki gürcü E.Hüseynovun yaşadığı evin yaxınlığında "Neftçilər" metro stansiyasının yanında ev kirələyibmiş.

Lakin Gürcüstan hakimiyyəti Azərbaycanın T.Xubanovla T.Əliyevin həbs olunaraq verilməsi barədə xahişinə məhəl qoymayıb. Gürcüstandan daxil olan məlumatlara görə, ölkə rəhbərliyi öz vətəndaşlarının qətlə bağlılığı barədə faktları yetərli saymır. Son bir neçə ayda hakimiyyət Elmar Hüseynovun işi üzrə istintaqın gedişi barədə demək olar ki, heç bir açıqlama vermir.

"Monitor" jurnalının redaktoru Elmar Hüseynovun qətlindən bir il keçsə də iş üzrə həbs olunan yoxdur. Mərhumun həmkarları və qohumları əmindir ki, istintaq düzgün istiqamətdə aparılmır. Bu barədə Nyu-Yorkda yerləşən Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin bəyanatında bildirilir.

"Çox kədərli haldır ki, Elmarın ölümündən bir il keçsə də qatillər hələ də azadlıqdadır"-deyə təşkilatın icraçı direktoru Enn Kuper bildirib. O, Azərbaycan hakimiyyətini istintaqı tam təkidlə davam etdirməyə və müqəssirləri məsuliyyətə cəlb etməyə çağırıb.

Sənəddə qeyd olunub ki, "Monitor" jurnalı İlham Əliyev hökumətinə qarşı kəskin müxalifətdə olub. Buna görə də çoxsaylı cərimələrə məruz qalıb. Dövlət məmurlarının iddiası ilə beş il müddətinə bağlanıb. Məhz buna görə də Elmarın həmkarları inanır ki, o, yüksək vəzifəli hökumət üzvlərini tənqid etdiyinə görə öldürülüb. Elmarın xanımı Ruşanə Hüseynova da buna əmindir.

2005-ci il aprelin 7-də istintaq bəyan edib ki, Elmarın qatilləri iki nəfər Gürcüstan vətəndaşıdır - Tahir Xubanov və Teymuraz Əliyev. May ayında Bakı Gürcüstan hakimiyyətinə müraciət edərək şübhəli bilinənlərin verilməsini tələb edib. Lakin Tbilisi təqdim olunan sübutları yetərli saymayıb

XS
SM
MD
LG