İraq parlamentinin spikeri bazar ertəsinə təyin edilən parlament sessiyasının təxirə salındığını elan edib. Bu isə 4 ay davam edən siyasi durğunluğun həll edilmədiyi deməkdir. Sünnü ərəblər, kürd və şiə siyasətçilər baş nazir vəzifəsinə İbrahim Əl Cəfərinin namizdəliyi ilə bağlı razılıq əldə edə bilmirlər. Cəfərinin tənqidçiləri onun təriqət zorakılıqlarına son qoyulmasında lazımi iş görmədiyini deyirlər. Eyni zamanda bu gün Mahmudiyyə şəhərində maşına yerləşdirilmiş bomba partlayışı 10 adamın ölümünə səbəb olub. Polisin məlumatında bildirilir ki, Bağdaddakı şiə məscidi yaxınlığındakı partlayış 4 adamın ölümü, 6-nın yaralanması ilə nəticələnib.