İsrailin baş naziri vəzifəsinə təyin edilmiş Ehud Olmert bu gün kabinet və təhlükəsizlik rəsmiləri ilə yığıncaq keçirərək, dünən Tel-Əvivdə 9 adamın ölümü ilə nəticələnən intiharçı hücumuna qarşı İsrailin reaksiyasını müzakirə edib. Amerikanın Səsinin müxbiri Sonya Peys Qüdsdən bildirir ki, hazırda bununla əlaqədar bir sıra təhlükəsizlik tədbirləri görülüb, lakin hələ ki, hərbi əməliyyatlar başlanmayıb.
İsrailin təhlükəsizlik naziri Gideon Ezra bügünkü kabinet yığıncağı barədə İsrail radiosuna verdiyi müsahibəsində Fələstinin militant qrupuna qarşı hansısa spesifik plan barədə heç nə deməyib. İsrail dünən İslami Cihad qrupu ilə əlaqəsi olan gəncin həyata keçirdiyi intiharçı hücumunun məsuliyyətini Həmasın başçılıq etdiyi Fələstin hökumətinin üzərinə qoyub. Aydın deyil ki, İsrail Həmas hökumətini hədəfə alacaq, yoxsa militantlara qarşı iri miqyaslı hərbi əməliyyatlara başlayacaq. Hal-hazırda isə hansısa əməliyyat barədə heç bir işarə yoxdur.
İsrail hərbi qüvvələri artıq Qərb Sahilinin şimalına yerləşdirilib və hücumda şübhəli bilinən onlarla yaraqlını nəzarət altına alıb. Bu növ əməliyyatların artacağı gözlənilir.