Gürcüstan prezidenti Mixail Saakaşvili ölkəsinin NATO-ya üzv qəbul olunmasına nikbinliklə yanaşdığını bəyan edib. Cənab Saakaşvili Parisdə beynəlxalq ekspertlərlə görüşdə deyib ki, o, Gürcüstanın NATO-ya üzv qəbul edilməsi üçün kriteriyalara cavab verdiyinə inanır. Lakin o həmçinin əlavə edib ki, sürətlə genişlənməkdə olan 26 üzvlü alyansa yaxın zamanlarda qəbul olunmağın çətinliyini başa düşür. Gürcüstan NATO-da xüsusi tərəfdaş statusu olan 20 ölkədən biridir. Gürcüstan mətbuatında NATO-nun Parlament Assambleyasının keçən həftə Parisdə üzv dövlətlərlə görüşdə Gürcüsütan rəsmilərilə gələn aylar dialoqu intensivləşdirməyi tövsiyə etdiyi haqda məlumatlar verilib. Danışıqlar NATO-ya üzvlük üçün ilk addım kimi qiymətləndirilir.