Accessibility links

Prezident Buş İraqa gözlənilməz səfər edib


Vaşinqton ətrafında Kemp Deyviddə hərbi və təhlükəsizlik məsələləri üzrə müşavirlərilə İraqla bağlı müşavirə keçirdikdən sonra prezident Buş gözlənilmədən İraqa səfər edib. Bağdadın hava limanında təyyarədən enən prezident Buş vertolyotla altı dəqiqəyə şəhərin güclü mühafizə olunan Yaşıl Zona adlı hissəsinə aparılıb.

Rəsmilərin bildirdiyinə görə, İraqın baş naziri Nuri əl-Maliki prezident Buşun İraqa səfər etdiyi haqda məlumatı onunla görüşməzdən cəmi 5 dəqiqə öncə alıb. Gözlənilməz səfərdən məmnun olduğunu deyən Maliki ilə görüş zamanı president Buş İraqın gələcəyinin onun əlində olduğunu, lakin ABŞ-ın öz köməyini əsirgəməyəcəyini deyib.

İraqa səfərdən öncə cənab Buşun başçılığı ilə Kemp Deyviddə keçirilən müşavirəyə İraq rəsmilərinin tele-körpü vasitəsilə qoşulacağı haqda məlumatlar verilmişdi. Lakin Bağdada gözlənilmədən səfər edən president Buş özü də Kemp-Deyviddə toplaşmış müşavirlərilə söhbətə İraq rəsmilərilə birgə telekörpü vasitəsilə qoşulub.

Kemp Deyviddə dünən başlamış müzakirədə yüksək səviyyəli ABŞ rəsmiləri, hərbi və təhlükəsizlik məsələləri üzrə müşavirlər toplaşaraq İraqa iqtisadi, təhlükəsilk və enerji sahələrində yardım məsələlərini müzakirə ediblər. Corc Buş İraqın yeni müdaifə naziri vəziyyəti təhlil edənə qədər ABŞ-ın İraqa arxa olacağına söz verib.

ABŞ prezidenti İraqla qonşu ölkələri bərpa işlərində daha yaxından iştirak etməyə çağırıb və deyib ki, o, dünya ölkələrinə söz verdikləri 13 milyard dollar məbləğində vəsaitdən daha yaxşı istifadə etmələri üçün təzyiq göstərəcək.

2003-cü il İraqa müdaxilədən sonra ölkəyə ikinci dəfə səfər edən prezident Buş ABŞ hərbi qüvvələrinin əsgərləri qarşısında çıxış edib, president Cəlal Təlabani və parlamentin spikeri Mahmud əl Məşhədani ilə görüşüb.

XS
SM
MD
LG