Accessibility links

ABŞ prezidenti Corc Buş ABŞ-Avropa sammitinə qatılır


ABŞ prezidenti Corc Buş Avropa Birliyi ölkələrinin liderləri ilə İranın nüvə proqramı, terror əleyhinə müharibə və ticarət məsələlərini müzakirə etmək üçün Vyanaya yola düşüb. Amerikanın səsinin müxbiri Paula Volfson ABŞ-Avropa sammiti öncəsi Vyanadan xəbər verir ki, Transatlantik sammitinin gündəliyi təhlükəsizlikdən tutmuş iqtisadiyyata qədər geniş spektri əhatə edir. Ağ evin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Stiv Hadli deyib ki, azadlq və demokratiyanın yayılması, eləcə də terrora qarşı müharibədə qələbə zirvə görüşünün əsas mövzularıdır. “Biz Orta Şərq, Afrika, Avropa və Latın Amerikasında demokratiyanın yayılması üçün əməkdaşlığı gücləndirmək arzusundayıq. Təhlükəsizlik məsələlərinə gəldikdə, liderlər terror əleyhinə mübarizə, xüsusilə də, terrorun maliyələşdirilməsinin və terrorçuların kütləvi qırğın silahını əldə etmə imkanlarının qarşısını almaq istiqamətində ABŞ-Avropa əməkdaşlığının prioritetlərini müəyyənləşdirəcəklər”, deyə Hadli bildirib. Onun sözlərinə görə, Vyanada İranın nüvə proqramı ilə bağlı münaqişənin həlli yolları müzakirə olunacaq. Rəsmi Tehran hal-hazırda İranı uranın zənginləşdirilməsi proqramından əl çəkməyə vadar edəcək həvəsləndirici təkliflər paketini öyrənir. Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının 5 üzvü və Almaniya tərəfindən hazırlanan təkliflər paketi İrana Avropa Birliyinin Xarici siyasət idarəsinin rəhbəri Havyer Solana tərəfindən rəsmən təqdim olunmuşdu. Hadli İran məsələsinin müzakirə olunacağını, lakin heç bir önəmli qərarın gözlənilmədiyini deyib. Vyanada müzakirə olunacaq digər məsələ dünya ticarət əməkdaşlığı mövzusudur. Dünya Ticarət Təşkilatının üzvləri Dohada başlanmış danışıqlar raundunu vaxtında başa vurmağa çalışır. Bu arada president Buş danışıqların problemli olduğunu dilə gətirərək, bütün dövlətləri güzəştlər etməyə çağırıb. “İndi bütün dünyanın bir olmaq və onu azad ticarət zonasına çevirmək vaxtıdır. Bu yalnız bizim ölkələrimizin iqtisadiyyatını gücləndirmək üçün yox, həm də dünyada yoxsulluğun azaldılması naminə vacibdir”, deyə prezident bildirib. Lakin Avropa ticarət strukturlarının rəsmiləri şikayət edirlər ki, ABŞ başqalarından hərəkət gözlədiyi zaman özü kifayət qədər güzəştlərə getməyə hazır deyil. Prezident Buş bu məsələləri Vyanada Avropa Birliyinə prezidentlik edən Avstriyanın kansleri Volfqanq Şüssel ilə müzakirə edəcək. Avropa Komissiyasının prezidenti Xose Barroso və başqa rəsmilər də ABŞ və Avropa Birliyi rəhbərliyi arasında məsləhətləşmələr çərçivəsində keçirilən sammitdə iştirak edəcəklər. Vyanada 24 saatdan da az vaxt keçirməsi planlaşdırılan ABŞ prezidenti sonra 1956-cı ildə sovet qoşunları tərəfindən yatırılmış Macarıstan inqilabının 50-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak etmək üçün Budapeştə səfər edəcək. Köməkçilərinin sözlərinə görə, həmin səfərdə əsas mövzu demokratiyanın hakimiyyəti məsələsi olacaq.
XS
SM
MD
LG