Accessibility links

ABŞ tapılan iki cəsədin amerikalı əsgərlərə məxsus olduğunu deyir


Amerika Birləşmiş Ştatlarının İraqdakı komandanlığı Bağdadın cənubunda Yusufiyyə qəsəbəsində tapilan iki cəsədin itkin düşmüş iki Amerika əsgərinə məxsus olduğunu deyib. General mayor Uilyam Kolduell bu gün Bağdadda bildirib ki, cəsədlərin kimliyini dəqiqləşdirmək üçün DNT testi keçiriləcək. Onun sözlərinə görə, ölümün səbəbi hələ müəyyənləşdirilməyib. İraq administrasiyasının sözçüsü general Əbdül Əziz Məhəmməd cəsədlərin üzərində işgəncə izlərinin olduğunu deyib. Əl Qaidə ilə bağlılığı olan İraq Mücahidlər Şurası yaraqlıları qətllərə görə məsuliyyəti öz üzərinə götürüb. Yaraqlıların İnternetdə yayılan bəyanatında deyilir ki, bu qətllərin hökmünü Əl-Qaidənin İraqdakı yeni lideri Əbu Həmzə əl Mühacir verib. Orada əsgərlərin boğazlarının kəsildiyi bildirilir. Əl-Mühacir Baquba yaxınlığında ABŞ əsgərlərinin hava hücumu nəticəsində həlak olan Əbu Müsəb əl Zərqavinin yerini tutub. İki Amerika əsgəri ötən həftənin cümə günü atışma zamanı itkin düşmüşdü. Bu arada ABŞ hərbçiləri koalisiya qüvvələrinin Baqubanın şimalında keçirdiyi reyd zamanı 15 terrorçunun öldüyünü bildirib. Lakin yerli camaat reydlər zamanı ən azı 13 mülkinin həlak olduğunu deyir.
XS
SM
MD
LG