İranda Azərbaycanlılara qarşı təzyiqlərlə əlaqədar olaraq Avropa Parlamentinin 19 üzvü bəyanat imzalayıb.Bəyanatda Avropa Parlamentarları İran hökumətini bütün azərbaycanlı siyasi məhbuslərı dərhal və şərtsiz azad etməyə çağırıb.
Bəyanatda qeyd edilir: bir çox millətlərin yaşadığı İranda BMT-nin hesablamalarına görə 30 milyon azərbaycanlı var ki, bu da İran əhalisinin 40%-ni təşkil edir. Daha sonra sənəddə deyilir ki, Azərbaycanlıların İran əıhalisinin əhəmiyyətli bir hissəsini təşkil etməsinə baxmayaraq, onlar sistematik assimilyasiyaya məruz qalır və fundamental hüquqlarından məhrumdurlar.
"Bir əsrə yaxın davam edən təzyiqlər bu yaxınlarda İranın bir sıra şəhərlərində, o cümlədən, Təbrizdə, Urmiyədə, Nagadehdə, Xoyda, Zəncanda, Ərdəbildə və başqa azerbaycan əyalətlərində etiraz aksiyalarına səbəb olub. Nümayiş dalğasına rəvac verən hadisə İranın dövlət orqanı olan İran qəzetində azərbaycanlıları tarakana bənzədən karikatura olub. İki həftə ərzində yüzlərlə və minlərlə azərbaycanlılar küçələrə çıxaraq, 1 əsrə yaxın davam edən mədəni soyqırıma son qoymağı tələb ediblər. Rejim nümayişlərə qəddarlıqla və onlarla insanın ölümü, yüzlərlə nümayişçinin yaralanması və minlərlə insanın həbsi ilə nəticələnən zorakılıqla cavab verib.
Həbsdə olanların vəziyyəti kritikdir. Onlar işgəncə və hətta edam riski altındadırlar. Onlara hüquqşünas tərəfindən təmsil olunmaq hüququ verilməyib və hətta ailələri ilə də görüşməyə icazə vermirlər. Qeyri-qanuni həbslərinə etiraz əlaməti olaraq yüzlərlə məhbus aclıq aksiyasına başlayıb və onların həyatı təhlükə altındadır. Belə məhbuslardan biri də məşhur hüquq müdafiəçisi Abbas Lisanidir. Cənab Lisani iyunun 3-də Ərdəbildəki nümayişlərdən birinə qatıldıqdan sonra öz evində həbs olunub.
Yuxarıdakı faktları nəzərə alaraq, biz, aşağıda imza edənlər məhbusların səhhəti ilə bağlı ciddi narahatlığımızı bildirir və İran rejimini məhbusların harada saxlanıldığı barədə informasiyanı verməyə, onların ailələri və özlərinin seçdikləri vəkilləri ilə məhdudiyyətsiz görüşlərinə şərait yaratmağa, eləcə də tibbi yardımla təmin etməyə çağırırıq. Biz həmçinin İran hökumətini Amnesti İnternational, Beynəlxalq Amnistiya təşkilatının tələblərini yerinə yetirməyə, yəni heç bir fiziki təzyiq və işgəncənin baş vermədiyinə təminat verməyə və düzgün ittiham olunmayan məhbusları dərhal və şərtsiz azad etməyə çağırırıq".
19 Avropa Parlamenti üzvünün imzaladığı bu sənəd İran prezidentinə, İran parlamentinə, hökumət üzvlərinə və Avropadakı İran səfirliklərinə ünvanlanıb.
Belə bir sənədin ərsəyə gəlməsi təşəbbüsü Dünya Azərbaycanlıları Konqresi və İsveçin gənc azərbaycanlılarəı assosiasiyasına məxsusdur. Bu, Avropa ictimaiyyətinin diqqətini İranda azərbaycanlıların hüquqlarının pozulmasına yönəltmək istiqamətində ilk addım deyil. May ayının sonlarında Brüsseldə də azərbaycanlı gənclər İrandakı həmvətənlərilə həmrəylik aksiyası keçirmişdilər.