Azərbaycanda QİÇS-in yayılmasının qarşısını almaq üçün preventiv tədbirlərin qənaətbəxş olmaması ölkədə akkreditə olunmuş beynəlxalq təşkilatların narahatlığına səbəb olur. Amerikanın səsinə müsahibə verən UNİCEF BMT Uşaq Fondunun Azərbaycandakı ofisinin rəhbəri Hanna Singer bu sahədə ciddi addımlara ehtiyac olduğunu dedi.
Dünya səhiyyə təşkilatlarının diqqət mərkəzində olan QİÇS-lə doğulan uşaqlar problemi Azərbaycanda demək olar ki, diqqətdən kənarda qalıb. Hətta bu cür uşaqların sayının nə qədər olduğu barədə təsəvvür belə yoxdur: “Problem ondadır ki, belə statistika mövcud deyil. Azərbaycanda HİV-lə doğulan uşaqların adekvat statistikası aparılmır. İndi anladığım odur ki, yeni səhiyyə naziri və QİÇS mərkəzinin rəhbəri bu işi yoluna qoymağa çalışırlar.”
Xatırladaq ki, təqribən bir ay bundan öncə aparılan təftiş zamanıl səhiyyə naziriliyi QİÇS mərkəzində ciddi pozuntular aşkar etmişdi. Bundan sonra rəhbərliyi dəyişdirilən mərkəzin qarşısında qoyulmuş yeni vəzifə QİÇS-lə bağlı ölkədə vəziyyətin dolğun mənzərəsini bərpa etməkdir.
Hanna Singerin sözlərinə görə, digər problemlərdən biri də yeniyetmələrin İnsan immunçatışmazlığı virusuna yoluxmaması üçün maarifləndirmə işinin zəif aparılmasıdır: "Ən böyük problem lazımi informasiyanın olmaması və uşaqlar arasında maarifləndirmə işinin aparılmamasıdır. Bu mövzu hələ də tabu olaraq qalır. Yalnız dünya görüşü geniş olan valideynlər və müəllimlər bu barədə uşaqlarla danışırlar, halbuki bu dərs proqramının bir hissəsi olmalıdır. İndi biz Səhiyyə və Təh sil nazirlikləi ilə işləyirik ki, QİÇS-lə bağlı dərslərin tədris proqramına salınmasına nail olaq.
Bizim fikrimizcə, bu QİÇS-in yeniyetmələr arasında yayılmasının qarşısını almaqda yardımçı olar. Bundan əlavə, rayon və kənd səviyyəsində gənclər üşün resurs mərkəzi, və xüsusilə gənclər üçün tibb resurs mərkəzləri açılmalıdır. Özü də bu, gecikmədən edilməlidir. Belə ki, gənclərin HİV- QİÇS barədə informasiyası yoxdur.
Bundan əlavə, problemlərdən biri də odur ki, Azərbaycanda gənclər arasında narkotik istifadəçilərinin sayı çoxdur, bu da onları avtomatik olaraq, QİÇS risk qrupuna daxil edir. Bu cür yeniyetmələrlə ünsiyyət qurmaq olduqca çətindir. Lakin onlara da təhlükəsiz iynələrdən istifadə etmələri barədə informasiya çatdırmaq lazımdır".
Qeyd edək ki, UNİCEF uşaqların sağlamlığı ilə bağlı Azərbaycanda bir sıra önəmli layihələr həyata keçirir. Bunlara Ümumdünya Səhiyyə Təşkilatı və Səhiyyə Nazirliyi ilə birgə uşaq səhiyyə müəssisələrində islahatlar proqramının hazırlanması və sağlam hamiləliklə bağlı səhiyyə işçilərinə treninq proqramı daxildir.