Accessibility links

Fərhad Əliyevin ailəsi Azərbaycan hökumətini Avropa Məhkəməsinə verib


Sabiq İqtisadi İnkişaf Naziri Fərhad Əliyev və onun qardaşı "Azpetrol" şirkətinin sabiq prezidenti Rafiq Əliyevi müdafiə komitəsi Azərbaycan hökumətini sabiq nazir və onun qardaşını özləri dediyi kimi, qanunsuz həbsdə saxladığına görə Avropa İnsan Haqları Məhkəməsinə verir. Bu barədə sentyabrın 6-da Londonda keçirilən mətbuat konfransında Əliyevlər ailəsini təmsil edən Trowers və Hamlis vəkillər kontoru və vəkil lord Entoni Lester xəbər veriblər.

Müdafiə komitəsinin Amerikanın səsinə verdiyi məlumata görə, iddia ərizəsi sentyabrın 6-da Əliyevlər ailəsi tərəfindən təqdim olunub və ona baxılıb baxılmayacağı barədə qərar gözlənilir. Konfransda qeyd olunub ki, Fərhad Əliyev və qardaşı Rafiqin belə uzun muddət Milli Təhlükəsizlik Nazirliyində saxlanılması "tamamilə əsassızdır", F.Əliyevin səhhəti olduqca pisdir və bir sıra ciddi ittihamlara baxmayaraq heç bir istintaq aparılmır.

Vəkil kontorunun nümayəndəsi Lyusi Ceyms bildirib ki, həbsdən öncə Fərhad Əliyev Azərbaycan hökumətində "aparıcı islahatçı" olub və qərb hökumətləri tərəfindən "ciddi" şəkildə dəstəklənib. O keçən ilin oktyabrında dövlət çevrilişinə cəhddə, korrupsiya və dövlət əmlakını mənimsəmədə ittiham olunaraq həbs olunub. Bir qədər öncə onun adı heç bir sübut olmadan tanınmış jurnalist Elmar Hüseynovun qətlinin sifarişçisi kimi hallanmağa başlayıb.

Lord Entoni Lester həbsin siyasi motivlərlə olduğunu bildirib: "Fərhad və Rafik Əliyev qardaşları həqiqi siyasi məhbuslardır. Hökumət və məhkəmələr təqsirsizlik prezumsiyasını pozaraq onlara ədalətli və müstəqil məhkəmə hüququndan məhrum edib. Onların tutulma və saxlanma şəraiti insanlıqdan kənardı. Fərhadın səhhəti olduqca pisləşib, bunun nəticəsində onun həyatı təhlükədədir. Onlara ailə üzvləri ilə görüşmək qadağan edilib və mənə də Bakıda olduğun zaman Fərhadla görüşməyə icazə vermədilər".

Britaniyalı vəkillər hesab edir ki, Rafiq Əliyev gülünc ittihamla həbs olunub. Onların fikrincə, qaçaqmalçılığa görə, MTN-nin təcridxanasında insanı 9 ay saxlamazlar. "Bu sərt cəzanın yeganə səbəbi Rafiq Əliyevin Fərhad Əliyevin qardaşı olmasındadır. Tamamilə qeyri-normaldır ki, Fərhad Əliyevə görə, sabiq nazirin onlarla qohumu və tanışı işdən çıxarılıb və həbs olunub."

Fərhad Əliyevin keçmiş işçisi Əlihüseyn Şalıyev rəsmi versiyaya görə, həbsxanada özünə qəsd edib. Hərçənd ki, Şalıyevin qohumları buna şübhə ilə yanaşır və onun öldürüldüyünü istisna etmirlər.

Turan agentliyinin verdiyi xəbərə görə, Britaniyalı vəkillər Fərhad Əliyevin işində İnsan Hüquqları Konvensiyasının aşağıdakı müddəalarının pozulduğunu iddia edir: Maddə 3 (qeyri-insanı davranışın qadağan edilməsi); maddə 5 (azadlıq hüququ); maddə 6 (ədalətli məhkəmə araşdırılması hüququ); maddə 8 (şəxsi və ailə həyatına hörmət hüququ); maddə 13 (səmərəli hüquqi müdafiə vasitələri hüququ); maddə 14 (ayrı-seçkiliyin qadağan olunması)

XS
SM
MD
LG