Accessibility links

İranda Azərbaycan dili müəllimləri həbs olunur


Beynəlxalq insan hüquqları təşkilatı Amnesty İrandakı daha bir Azərbaycanlı dustaq haqqında təcili tədbir kampaniyası başlayıb. Bu arada İranda dərs ilinin başlanması ilə əlaqədar ana dilində təhsil tələbi ilə etiraz aksiyalarının keçirilməsi ərəfəsində yeni həbslər haqda məlumat alınmaqdadır.

Amnesty İnternationalın sentyabrın 12-də yaydığı məlumata əsasən, İranda insan hüquqları uğrunda fəal mübarizlərdən biri Rza Abbasi iyunun 27-dən bəri Zəncan şəhərində həbsdə saxlanılır. Bu müddət ərzində məhbusun vəkillə təmin olunmasına imkan verilməyib və keçirilən məhkəmə iclasları qapalı, ailəsinin və vəkilin iştirakı olmadan aparılır.

Rza Abbasi dörd il əvvəl yaradılmış Azərbacyanlı Siyasi Məhbusları Müdafiə Komitəsinin qurucularından biridir. Komitənin sözçüsü Əlirza Cavanbəxtin Amerikanın səsinə verdiyi məlumata görə, cənab Abbasini Zəncanda keçən mitinqlərdən sonra və Babək qalasına yürüşdən əvvəl, tədbirə hazırlıq səylərinin qarşısını almaq üçün həbs edilən onlarla məhbusdan biridir.

Beynəlxalq insan hüquqları təşkilatı Azərbaycanlı fəalının sentyabrın 5-də İran İslam Respublikasının Zəncan şəhərindəki İnqilab məhkəməsinə aparıldığı və orada müdafiə vəkili olmadan, ailə üzvlərindən xəbərsiz gizli şəkildə mühakimə edildiyi haqda da məlumat verir.

Daha sonra Rza Abbasi sentyabrın 11-də bir daha həmin məhkəməyə aparılıb, acaq bu dəfə ona vəkil tərəfindən təmsil edilmək icazəsi verilib. Vəkilinin verdiyi məlumata görə müttəhimə müxtəlif tələbə təşkilatları və ASMEK-də fəalliyyətləri haqda sual verilib. Ona qarşı sürülən ittihamlar isə İran İslam Respublikasının rəhbərini təhqir etmək və sistemə qarşı təbliğat aparmaqdan ibarətdir. Məhkəmənin qərarı bir həftədən sonra aydın olmalıdır.

Amnesti İnternational Abbasinin işkəncə və başqa təzyiqlərə məruz qaldığı barədə xəbərlərə istinad edərək məhkəmə prosesinin beynəlxalq qanunlarıa zidd olduğuna inanılır. Sənəddə o da qeyd olunur ki, əgər Abbasinin həbsinə yalnız dinc yolla öz fikirlərini bəyan etməsi və insan hüquqları uğrunda mübarizəsinin səbəb olduğu aşkara çıxarsa, o vicdan məhbusu elan edilə bilər.

Rza Abbasi həmçinin “Ədvar-e Təhkim-e Vəhdət” tələbə hərəkatının Zəncan üzrə əlaqələndiricisidir. Onun Zəncan şəhərinin mərkəzi həbsxanasında saxlandığı bildirilir. Alınan xəbərlərə görə, təhlükəsizlik nazirliyinin Zəncan şöbəsi Rza Abbasinin yaşlı valideynləri də daxil olmaqla, ailə üzvlərini davamlı olaraq təhdid edir.

Amnesty İnternational dünya üzrə hüquq müdafiəçilərini Rza Abbasinin həbsindən narahatlıqlarını ifadə etməyə çağırıb. Amnesty İranın səlahiyyətli dövlət nümayəndələrindən məhbusa qarşı işkəncə və təhdidlərə son qoymağı, onu tibbi yardım və vəkillə təmin etməyi, Abbasiyə qarşı irəli sürülən ittihamların cinayət məsuliyyəti nəzərdə tutmadığı, eləcə də ədalətli məhkəmə olmadığı üçün Abbasinin dərhal azad edilməsinə hökm versin. Beynəlxalq Amnistiya həmçinin Abbasinin ailəsinə qarşı təhdidlərə son qoyulmasını istəyib.

Bu arada İranda dərs ilinin başlanması ilə əlaqədar ana dilində təhsil tələbi ilə etiraz aksiyalarının keçirilməsi ərəfəsində yeni həbslər haqda məlumat alınmaqdadır. Əlirza Cavanbəxtin sözlərinə görə iki gün əvvəl Urmiyədə azərbaycan dili müəllimliyi edən Əsədullah Səlimi həbs olunub. Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsi həbsin Mehr ayının biri – sentyabrın 23-də gözlənilən aksiyalarla əlaqədar olduğunu bildirir.

Xatırladaq ki, Cənubi Azərbaycan Tələbələr İttifaqı, Güney Azərbaycan Milli Oyanış Hərəkatı və bir sıra digər təşkilatlar sentyabrın 23-də ana dilinin məktəblərdə tədrisi tələbi ilə itaətsizlik aksiyaları və etiraz mitinqləri planlaşdırdıqlarını bildirib.

XS
SM
MD
LG