Accessibility links

Betti Bleyr: "Azərbaycanlılar üçün münasibətlər olduqca önəmlidir"


“Mənim ərim azərbaycanlıdır”… Bunu deyən Los Ancelesdə Azərbaycan İnternational jurnalını nəşr edən Betti Bleyrdir. Həyatının son 10 ilini bu jurnala həsr etmiş Betti xanımla onu bu məsləkə cəlb etmiş əsas şərt - azərbaycanlı Piruz Xanlu ilə 24 illik izdivacı haqqında söhbət edirik.

Görəsən, bir çox qərbli xanımların Azərbaycanla ünsiyyət zamanı yaşadığı mədəni şoku Betti Bleyr- Xanlu da yaşayıbmı?

“Mən xaricdə çox yaşamışam, Yunanıstanda, İranda. Mənim üçün amerikalıya ərə getmək çox çətin olardı. Çünki yaşadığım ölkələrdə qəlbən bağlandığım şeylər var idi. Məsələn - həyatın dərinliyi və həyat sevgisi. Mən yeməkləri, qonaqpərvərliyi sevdim. Orada insanlar arasındakı əlaqələr olduqca dərindir və şəxsi münasibətlər olduqca önəmlidir. Mən Azərbaycanda bunları sevmişəm”.

Betti Bleyr ailədə vəzifə bölgüsü mövzusunu sevmir.

“Mənim ərimin uzaqgörənliyi var. İzdivac, birgə həyat daha çox partnyorunu tamamlamaq deməkdir. Mənim ərim strateji qərarlar qəbul edə bilir. Jurnal da onun ideyası idi. O, bu jurnalı başlamaq üçün, neft şirkətlərinə bu məsələ ilə yaxınlaşmaq və reklam işini başlamaq üçün cəsarət tapdı. Mən isə çətin və gündəlik işləri görürdüm. İnsanlar bir-birini beləcə tamamlayır”.

Amma azərbaycanlıya ərə getmək həm də böyük azərbaycanlı ailəsinin gəlini olmaq deməkdir. Betti Bleyr deyir ki, ənənə fərqləri onu Azərbaycanda olarkən yox, geri dönərkən narahat edir.

“Mən burada, uzaqda yaşadığım üçün hər hansı problem hiss etməmişəm. Amma maraqlı şeylər baş verir. Mən Azərbaycanda özümü çox rahat hiss edirəm. Amma Azərbaycandan qayıdanda başa düşürəm ki, mən başqa mədəniyyətin içindəyəm. Artıq təyyarədə anlayırsan ki, Azərbaycandakı kimi mehribanlıq nümayiş etdirə bilməzsən. Çünki ətrafdakı amerikalılar bunu təəccüblə qarşılayır”.

O ki qaldı Piruz Xanluya, Betti xanımın dilindən onun təsviri azərbaycanlı kişi stereotiplərini dağıdır.

“Piruz mənə çox azadlıq verir. Mən yazıram, araşdırmalar aparıram. Bunu hər kişi etmir, amma Piruz yemək də bişirir. Mən bilirəm ki, azərbaycanda xanımlar ərlərinin yemək bişirməsini çox arzulayardı.Dünya millətlərdən böyükdür. Məncə bütün sərhədləri qırıb millətlər arasındakı fərqlər məsələsindən kənara çıxmaq və həyatın əsl mənası barədə düşünmək lazımdır. Əsl həyatı yaşamaq lazımdır və gəlin milli məsələlərin buna mane olmasına imkan verməyək”.

Betti Bleyr qarışıq izdivaclar barədə danışarkən çox sevdiyi bir əsərdən – Əli və Nino romanından sitat gətirir.

“Əli və Ninoda mənim çox sevdiyim məqam var. Əli gürcü qadınla evlənmək istəyir və qərar qəbul edərkən bir çox şərtiliklər haqqında düşünür, din, ənənə, dil, hisslər və sair. Sonra isə o qərara gəlir ki, bütün bu şərtilikləri nəzərdən qaçırmayaraq, onlardan ən yaxşı nəticələr çıxarmalıdır, lakin qərarı özü verməlidir. O deyir ki, ənənəyə görə, qızlar və oğlanlar bulaq başında tanış olar və orada talelərini tapardılar. Bulaq başında qızla oğlanın gözləri görüşür və onlar bir-birinə aşiq olur. Əli özünə sual verir. Bəs mənim bulağım hardadır? Mənim bulağım hansıdır? Mən Ninonu Nikolayevskaya (indiki İstiqlal) küçəsində gördüm, bulaq başında yox. Belə çıxır ki, bu, məhəbbət ola bilməz? Və o, kontekstdəki fərqlər haqqında deyir: Bütün bu şərtiliklərə tabe olub həyatındakı bir çox şeydən imtina edə bilərsən, amma cəsarətlə şərtləri də dəyişə bilərsən. Məhz buna görə mən Əli və Ninonu sevirəm”.

Bir zamanlar Azərbaycanı Betti Bleyrə sevdirən Piruz Xanlu bu gün Betti xanımın Azərbaycana olan sevgisindən pay alır. Amma, ən əsası, bir zamanlar Azərbaycanlı kişini sevib onunla ailə qurmuş Betti xanım indi Azərbaycanı dünyaya sevdirməklə məşğuldur. Azərbaijan İnternational jurnalının oxucuları belə düşünür.

XS
SM
MD
LG