Accessibility links

Seçkiqabağı sorğular amerikalıların dəyişiklik istədiyini göstərir


Noyabr ayının 7-i Amerikada Konqres seçkiləridir. ABŞ Konstitusiyasına əsasən ölkədə Konqresə seçkilər hər iki ildən bir keçirilir. Vaşinqtonda güc nisbətini dəyişəcəyi gözlənilən bu seçkilərdə Nümayəndələr Palatasının 435 üzvünün hamısı, Senatın isə 100 üzvündən 33-ü iştirak edir.

Müxalif demokratlar Konqresin hər iki palatasına nəzarəti ələ almaq üçün indiki yerlərdən əlavə Nümayəndələr Palatasında 15, Senatda isə 6 yeri qazana biləcəyinə ümid bəsləyir. Demokratların fikrincə, cəmiyyət dəyişikliyə hazırdır. Respublikaçılar isə həm Nümayəndələr palatası, həm Konqresdə əksəriyyət təşkil etməyə davam edəcəklərinə əmindir.

Artıq aylardır ictimai rəy sorğuları göstərir ki, ictimaiyyətin dəyişiklik istəyi, belə görünür, demokratların xeyrinədir. Siyasi təhlilçilərin fikrincə, İraq müharibəsindən böyük ictimai narazılıq bu il seçkilərdə əsas amil olacaq. Siyasi təhlilçi Stüart Rotenberq:

“Bu, seçki üçün klassik məsələ deyil. Bu, siz dəyişiklik, yoxsa status kvo istəyirsiniz məsələsidir. Bəzi adamlar İraq müharibəsinə görə, bəziləri mühacirətə, digərləri isə qalmaqala görə dəyişiklik istəyir. Amma burada məsələn, vergilər kimi seçkinin taleyini həll edəcək bir məsələ yoxdur”.

Respublikaçılar ölkədə İraq müharibəsindən narazılığın mövcudluğunu etiraf edirlər, lakin Birləşmiş Ştatların götürülən kursdan dönməməkdən başqa alternativinin olmadığını deyirlər. Prezident Buş İraqı terrorizmə qarşı müharibənin ön cəbhəsi adlandırıb:

“Bu, ekstremistlər, radikallar və sülh içində yaşamaq istəyən mötədil insanlar

arasında mübarizədir. Bu ölkənin bu dövrdə missiyası mötədil qüvvələrin qələbəsinə kömək edib-etməməkdən ibarətdir. Bu, mənim prezidentliyimdən sonra da Amerika Birləşmiş Ştatlarının qarşısında duran əsas sualdır”.

Demokratlar problemin həlli ilə bağlı vahid mövqe formalaşdıra bilməmələrinə baxmayaraq, prezidentin İraq müharibəsini aparmasını tənqid edirlər. Demokratlar iddia edir ki, respublikaçılar İraq müharibəsinə ictimai dəstəyin azaldığını görərək, diqqəti daha geniş məsələyə - terrorizmə qarşı müharibə məsələsinə yönəltməyə çalışırlar. Onların fikrincə, İraqda müharibə ABŞ-ın terrorizmə qarşı mübarizəsinə ümumilikdə zərər vurur.

Nevada ştatından demokrat senator Herri Rid: “Faktlar yalan demir. Buş administrasiyası və respublikaçı Konqres dövrü daha böyük hədələrlə qarşılaşıb yaşadığmız dünyanın təhlükələrinə hazır olmamışıq. İndi Amerika daha təhlükəsiz deyil”.

Rəy sorğularına əsasən, demokratlar İraq, iqtisadiyyat və səhiyyə xidmətləri kimi müxtəlif məsələlərdə ünstünlüyə malikdir. Lakin bəzi sorğular göstərir ki, amerikalıları terrorizm təhlükəsindən hansı partiyanın daha yaxşı qoruya bilməsi məsələsinə gəldikdə burada respublikaçılar bir qədər irəlidədir. Bu, respublikaçılara 2002-ci il Konrqes seçkilərində və prezident Buşun 2004-cü ildə yenidən prezident seçilməsinə kömək etmiş əsas faktor oldu.

Təhlilçilərin fikrincə, amerikalılar respublikaçıların vəzifələrini necə icra etməsindən razı deyillər. Lakin bununla yanaşı, onlar demokratların da daha yaxşı iş görəcəklərinə əmin deyillər.

Seçkilər demokratlara həm Nümayəndlər palatası, həm Senata nəzarəti ələ almaq imkanı versə belə, respublikaçı prezident hələ iki il Ağ Evdə vəfizə başında olacaq. Ekspertlərin fikrincə, demokratlar Buş administrasiyasının fəaliyyətilə bağlı təhqiqata başlasa və respublikaçıları özünümüdaifə vəziyyətində qoysa, bu, gələn iki il firqəçilik meyllərinin güclənməsi və siyasi durğunluqla nəticələnə bilər.

XS
SM
MD
LG