İsrailin baş naziri Ehud Olmert İsrailin cənubunu raket atəşinə tutmaqda davam edən Fələstin yaraqlılarına qarşı hücumları davam etdirəcəyinə söz verib. Cənab Olmert bu gün Kabinet yığıncağında İsrail hökumətinin raket və terror hücumlarının qarşısını alacaq daha ciddi addılmar atacağını deyib. O deyib ki, Qəzza Zolağındakı Beyt Hanoun yaşayış məntəqəsi ətrafında çərşənbə günü başlanan əməliyyatlar başa çatmayıb. Lakin o, İsrailinin həmin ərazini yenidən işğal etmək fikri olmadığını deyib.
Qeyd edək ki, hərbiçilər bu gün İsrailin Şderot şəhərinin əldəqayırma raketlərlə atəşə məruz qaldığını, lakin xəsarət alan olmadığını bildiriblər. Fələstin rəsmiləri isə İsrail qüvvələri tərəfindən Həmas yaraqlısının qətlə yetirildiyini xəbər verirlər.