Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Livanın Suriyanın əleyhinə olan sənaye nazirinin sui-qəsdini qınayıb. Şura Livan siyasətçisi və sabiq baş nazir Rafiq Həririnin qətlində ittiham edilənlərin mühakiməsi üçün trubunal təsis edilməsi barədə də qərar qəbul edib. Təhlükəsizlik Şurasının noyabr ayı prezidenti Corc Voto-Bernales tərəfindən oxunan bəyanatda Livanda siyasi sui-qəsdlər və terror aksiyaları yolu ilə qeyri-sabitlik yaradılması cəhdləri pislənib. Təhlükəsizlik Şurası Pyer Gemayeli azadlıq və Livanın siyasi müstəqilliyinin rəmzi olan bir vətənpərvər adlandırıb. Nazirin qətli Livanın onsuz da gərgin siyasi durumunu daha da ağırlaşdırır.