Keçən həftə dünyasını dəyişən, Amerikanın ən iri val şirkətlərindən Atlantik Rekordsun təsisçisi Əhməd Ərtəgün üçün bu gün İstambulda keçirilən anım mərasimində siyasi liderlər, musiqiçilər və başqa incəsənət xadimləri iştirak edib.
83 yaşında ötən həftə cümə axşamı günü Roling Stones konsertində yıxılaraq başından zədələnən Əhmət Ərtəgün daha sonra dünyasını dəyişib. O, ABŞ-da musiqi sahəsindəki nailiyyətlərinə və Türkiyənin tanıdılması üçün gördüyü işlərə görə xatırlanır. Əhməd Ərtəgün Rey Çarls, Aretha Franklin kimi ritm və bluz müğənilərinin və başqa bir çox müğənninin Roling Stones kimi qrupların vallarını buraxıb. Əhməd Ərtəgün Amerikanın tanınmış biznismenlərindən və incəsənət xadimlərindən biri kimi bu ölkədə Türkiyənin tanıdılması üçün fəaliyyət göstərib. Onun üçün İstambulda keçirilən anım mərasimində iştirak edən Türkiyənin xarici işlər naziri Abdullah Gül də mərhumun bu sahədəki fəaliyyətini yada salıb.
Otuzuncu illərdə atası Münir Ərtəgün Türkiyənin ABŞ-dakı səfiri təyin ediləndən sonra Vaşingtona gələn cavan caz həvəskarı o zamanda cazz musiqisinin əsas ifaçıları olan Afrika mənşəli amerikalı musiqiçilərlə daha çox maraqlanırdı. Əhməd Ərtəgün və qardaşının təşəbbüsləri nəticəsində onların Vaşingtonda olduqları illər ərzində Vaşingtondakı Türk səfirliyində müxtəlif vəsilələrlə tez tez caz konsertləri təşkil edilirdi. Ailəsi Əhmət Ərtəgünün Türkiyəyə qayıdıb diplomat olmasını istəsə də o Birləşmiş Ştatlarda qalıb öz sevdiyi musiqi sahəsində fəaliyyət göstərmək qərarına gəlib. O şərikləriylə bir yerdə 1947-ci ildə Atlantik Records adlı val şirkətini yaradıb.
Əhməd Ərtəgün biznes həyatında da caza üstünlük verib. Onun şirkəti xüsusiylə əvvəllər Afrika mənşəli amerikalı musiqiçilərin vallarını buraxırdı ki, o zamanın iri val şirkətləri həmin musiqiçilərə hələlik o qədər yer vermirdi. O onlarla tanınmış müğənninin vallarını buraxsa da Rey Çarsın musiqisinə və özünə xüsusi rəğbəti olduğunu söyləyirdi.