Türkmənistanın avtoritar lideri Saparmurad Niyazov bu gün doğma Qıpçaq kəndində təntənəli dəfn mərasimindən sonra ailə mavzoleyində torpağa tapşırılıb.
Özünü Türkmənbaşı adlandıran 66 yaşlı prezident cümə axşamı vəfat edib. Aşqabadda on minlərlə adam onun tabutu önündən keçib. Baxışdan sonra tabut zirehli maşına qoşularaq 10 kilometr aralıda yerləşən Qıpçaq kəndinə aparılıb.
Xarici hökumətlərin nümayəndələri mərasimdə iştirak ediblər. Onların arasında ABŞ dövlət katibinin yardımçısı Richard Bauçer də olub. O, ümid etdiyini bildirib ki, Türkmənistanda hakimiyyət dinc yolla ötürüləcək. Cənab Bauçer həmçinin Türkmənistanla ABŞ arasında yeni başlanğıcın olacağına ümid bəslədiyini söyləyib.