Accessibility links

"İran Azərbaycanına pəncərə" proqramının həftəlik xəbərlər icmalı


Dünya Azərbaycanlılarının Həmrəylik Günü
ƏIi Xodabəxşi yenə ETTELAAT-ın təcridxanasındadır
İran səfiri azərbaycanlıların hüquqlarının pozulmadığını iddia edir

Dünya Azərbaycanlılarının Həmrəylik Günü

Bu günlərdə dünyanın müxtəlif ölkələrində 31 dekabr – dünya azərbaycanlılarının həmrəylik günü müxtəlif tədbirlərlə qeyd edilir. Dekabrın 29-da Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının, dekabrın 26-da Torontoda Kanada Azərbaycan Dərnəkləri Federasiyasinın təşkil etdiyi, habelə dünyanın müxtəlif şəhərlərində keçirilən digər tədbirlərdə Azərbaycan Respublikasından və İran Azərbaycanından olan azərilər həmrəylik gününü birgə bayram ediblər.

Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyev hər il dekabrın 31-də qeyd edilən dünya azərbaycanlılarının Həmrəylik Günü münasibətilə millətə müraciət edib. Müraciətdə qeyd edilir ki, bu "bayram Azərbaycan xalqına mənsubluq, milli-mənəvi dəyərlərimizin təbliği, tarixi bağlılıq, soydaşlarımızın yekdillik və mütəşəkkilliyinin gücləndirilməsi ideyalarını təcəssüm etdirir".

Dekabrın 29-da Azərbaycanın Milli Məclisi bu il üçün son iclasında dünya azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik bəyanatı qəbul edib.

Amerikanın səsinin Azərbaycan xidməti də həmrəylik günü münasibətilə dünyanın müxtəlif bölgələrində səslənən təbriklərə qoşulur.

ƏIi Xodabəxşi yenə ETTELAAT-ın təcridxanasındadır

Bu arada İranda təkrar həbs olunmuş azərbaycanlı fəal Əli Xodabəxşinin saxlandığı yer barədə məlumat verilib.

Ədəbi təxəllüsü «Elyaz Yekanlı» olan yazıçı dekabrın 12-də «21 Azər» hərəkatının ildönümü münasibətilə Urmiyədə təşkil edilmiş atəşfəşanlıq mərasimi zamanı yoxa çıxmış və 12 günə qədər onun harada olduğu məlum olmamışdı.

Dekabrın 24-də Xodabəxşi ailəsinə zəng edərək, ETTELAAT əməkdaşları tərəfindən tutulduğu və bu günə qədər Urmiyə ETTELAAT-ının təcridxanasında saxlanıldığını bildirib.

Beynəlxalq Amnistiya təşkilatı May hadisələrindən sonra həbs olunan Əli Xodabəxşinin vicdan məhbusu olduğunu və mədəni hüquqlarını dinc yolla tələb etdiyi üçün həbsə atıldığını bildirmişdi.

İran səfiri azərbaycanlıların hüquqlarının pozulmadığını iddia edir

Amma dünən Bakıda mətbuat konfransı keçirən İranəın Azərbaycandakı səlahiyyətli səfiri Əfşar Süleymani İranda azərbaycanlıların hüquqlarının pozulmadığını iddia edib. (Əfşar Süleymaninin mətbuat konfransından səs yazısını audio-formatda dinləyin)

Əfşar Süleymani həmçinin İranın Azərbaycana qaz nəql etməyə razı olduğunu və Tehranın Qarabağ münaqişəsinin nizamlanmasında daha aktiv rolu üstələnməyə hazırlığını dilə gətirib.

XS
SM
MD
LG