Birləşmiş Ştatların dəniz piyadaları tərəfindən 2005-ci ildə İraqın Hədisa bölgəsində mülki iraqlıların qətli barədə aparılan araşdırmanın nəticələri dərc olunub. Hesabatda şahidlərin sözlərinə istinadən əsgərlərin beş silahsız iraqlını taksidən çıxararaq onları öldürdükləri bildirilir.
Bu gün Vaşinqton Post qəzetində dərc olunan məqalədə dəniz piyadalarını müşayiət edən bir iraqlı əsgərin müstəntiqlərə verdiyi ifadə əksini tapıb. O, dəniz piyadalarından birinin yol kənarına yerləşdirilmiş bomba partlayışı nəticəsində ölməsindən sonra onun yoldaşlarının mülkiləri öldürməyə başladığını deyib.
Qəzetin yazdığına görə, şahidlər dəniz piyadaları taqımının komandiri serjant Frenk Vuterikin taksidən düşürülən beş nəfərin yerə sıra ilə uzanmasını əmr etdikdən sonra onları bir bir güllə ilə vurub öldürdüyünü deyiblər.
Həmin gün taksi insidenti ilə başlamış zorakılıqlarda, arasında qadın və uşaqların da olduğu, 24 mülki iraqlının öldürüldüyü bildirilir. Taqım komandiri müstəntiqlərə deyib ki, amerika əsgərlərinə atəş açan yaraqlıların gizləndiyi güman edilən evə hücum zamanı o piyadalara “əvvəl atəş aç, sonra düşün” əmrini veribmiş.
Vaşinqton Post yazır ki, hücumda sağ qalmış 13 yaşlı Səfah Yunis Salim ABŞ müstəntiqlərinə bir dəniz piyadasının onun ailəsinin, uşaqlar da daxil olmaqla, 7 üzvünü öldürdüyünü deyib.
Qəzetin yazdığına görə, hərbi təftiş hesabatında dəniz piyadaları, iraq əsgərləri və sağ qalan mülki şəxslər də daxil olmaqla yüzlərlə adamın ifadəsi əksini tapıb.
Vaşinqton post yazır: "hesabatda qətllər barədə təzadlı ifadələrin olmasına baxmayaraq, araşdırma dəniz piyadalarının öpz yoldaşlarının ölümünə qaydalara uyğun reaksiya vermədiyini aşkarlayıb".
Ötən ay sözügedən dəniz piyadalarına qarşı qətl ittihamı ilə cinayət işi açılıb. Əgər cinayət sübuta yetirilərsə, piyadalar qətlə görə ömürlük həbs cəzasına məhkum edilə bilərlər. Piyadaların vəkilləri isə müdafiə etdikləri şəxslərin xaotik döyüş şəraitinə uyğun davrandığını iddia edib.