Accessibility links

Corc Buş İraqla bağlı strategiyasını açıqladı


Bu gün Birləşmiş Ştatların prezidenti Corc Buş özünün İraqla bağlı strategiyasını açıqlayıb. İraqdakı səhvlərə görə məsuliyyət daşıdığını deyən prezident yeni strategiyanın Amerikanın İraqla bağlı kursunu dəyişəcəyini və terrorla mübarizədə qələbə çalmağa kömək edəcəyini bildirib.

İraqlılar

Buş yalnız İraqlıların özünün təriqətlərarası mübarizəyə son qoymaq və ölkə əhalisinin təhlükəsizliyini təmin etmək iqtidarında olduğunu bildirib. ABŞ prezidenti İraq hökumətinin bu məqsədə nail olmaq üçün “aqressiv” plan ortaya qoyduğunu bildirib.

Bağdadın təhlükəsizliyi

Strategiyanın önəmlıi hissələrindən birini paytaxt Bağdadda təhlükəsizliyin

təmin olunması təşkil edir. Buş indiyə kimi bu sahədə uğursuzluğun iki səbəbdən baş verdiyini deyib: “Birincisi, terrorçu və yaraqlılardan təmizlənmiş qəsəbələrin qorunması üçün kifayət qədər qoşun yox idi. İkincisi, bizim orada olan qoşunlarımız üçün həddən artıq çox məhdudiyyət qoyulmuşdu. Bizim hərbi komandanlarımız yeni İraqın yeni təhlükəsizlik planını nəzərdən keçiriblər ki, bu problemlərin orada öz həllini tapacağına əmin olsunlar. Onlar məlumat verir ki, plan bu məsələləri ehtiva edir və o, uğurlu ola bilər.” Buşun sözlərinə görə, plana əsasən, Bağdada hərbi komandan təyin olunacaq və paytaxtın doqquz qəsəbəsində İraq ordusunun və milli polisinin 18 minlik qüvvələri yerləşdiriləcək. Həmin qüvvələr patrul xidməti həyata keçirəcək, yoxlama məntəqələri təşkil edəcək və qapı-qapı gəzərək xalqın etimadını əldə etməyə çalışacaq. "Lakin bunları həyata keçirməkdən ötrü iraqlılara yardım lazımdır. Odur ki, mən İraqa 20 000 əlavə Amerika əsgəri göndərmək qərarı vermişəm. Onların böyük hissəsi - beş briqada Bağdadda yerləşdiriləcək. ABŞ hərbçiləri İraq qoşunları ilə yanaşı fəaliyət göstərəcəklər. Onların məqsədi iraqlılara yaşadıqları bölgələri təhlükəsiz və təmiz etməyə, yerli əhalini qorumağa yardımçı olmaqdır. Biz əmin olmalıyıq ki, ölkədə qalacaq İraq qüvvələri Bağdad üçün gərəkli olan təhlükəsizliyi təmin etməyə qadirdirlər.

İraq nə etməlidir?

İraqın hansı addımları atmalı olduğuna gəlincə isə cənab Buş deyib: “Mən İraqın baş naziri və digər liderlərinə açıq-aydın bildirmişəm ki, Amerikanın təəhhüdləri sonsuz deyil. Əgər İraq hökuməti öz vədlərini yerinə yetirməsə, o, Amerika xalqının da, İraq xalqının da dəstəyini itirəcək. İndi iş görmək vaxtıdır”. Prezident Buşun sözlərinə görə, baş nazir Maliki də bütün bunları yaxşı anlayır. Prezident İraq hökumətinin noyabr ayınadək ölkənin bütün əyalətlərində təhlükəsizliyin təmin olunması səlahiyyətlərini üzərinə götürməyi planlaşdırdığını deyib.

İqtisadi yardım

Prezident Buş çıxışında Birləşmiş Ştatların İraqdakı iqtisadi planlarını da açıqlayıb. O bildirib ki, İraq üçün uğurlu strategiya hərbi əməliyatlarla bitməməlidir. “Adi iraqlılar hərbi əməliyyatların öz qəsəbələrində və icmalarında gözlə görünən inkişafla müşayiət olunduğunu görməlidir”, deyə ABŞ prezidenti bildirib.

Cənab Buş İraq hökumətinin həyata keçirəcəyi iqtisadi islahatlar barədə də danışıb. Onun sözlərinə görə, neft gəlirlərinin bütün iraqlılar arasında ədalətli bölünməsini nəzərdə tutan qanunlar qəbul olunacaq.

Həyat səviyyəsini yaxşılaşdırmaq təəhhüdlərinə sadiqliyini nümayiş etdimək üçün hökumət rekonstruksiya və infrastruktur layihələrinə İraq büdcəsindən 10 milyard dollar xərcləyəcək.

Amerika xalqının təhlükəsizliyi üçün

Cənab Buş hal-hazırda Yaxın Şərqdə baş verənlərin sadəcə hərbi münaqişə deyil, zəmanəmizin taleyüklü ideoloji mübarizəsi olduğunu deyib. “Uzun müddətli perspektivdə Amerika xalqını qorumaq üçün ən real yol problemli regionlarda azadlığı təşviq etmək yolu ilə düşmənin nifrət ideologiyasına daha ümidverici alternativ təklif etməkdir”.

İraqda qələbə necə olacaq?

Birləşmiş Ştatların prezidenti İraqda qələbəni necə gördüyünü də açıqlayıb: “Mənim bu gün haqqında söz açdığım strategiya Amerikanın təhlükəsizliyi üçün olduqca böyük önəm daşıyan regionda yaşamaq uğrunda mübarizə aparan gənc demokratiyanın sağ qalmasını təmin etmək məqsədi daşıyır… Yeni strategiya bizi uğura yaxınlaşdıracaqmı? Əminəm ki, yaxınlaşdıracaq. Bu mübarizədə qələbə bizim sələflərimizin qələbəsinə bənzəməyəcək. Burada təslim mərasimi olmayacaq. Demokratik İraq mükəmməl bir ölkə də olmayacaq. Lakin İraq terrorçuları qorumaq əvəzinə onlarla mübarizə aparan ölkə olacaq və bu, bizim xələflərimizə sülh və təhlükəsizlik dolu gələcək gətirəcək”.

Əsgərlər nə zaman geri dönəcək?

Cənab Buş Birləşmiş Ştatların siyasi gündəmində ən mübahisəli məsələlərdən biri olan İraqdakı ABŞ qoşunlarının sayının azaldılmasına da toxunub. O, indi geriyə addımın İraq hökumətinin sonu demək olacağını bildirib. Buşun fikrincə, bu ssenari qoşunların İraqda daha uzun müddət qalmasına və daha güclü düşmənlə qarşı qarşıya durması ilə nəticələnə bilər. “Məhz bu həlledici məqamda dəstəyimizi artırmaqla və İraqlılara hazırkı zorakılıq dalğasını yarmaqda kömək etməklə biz qoşunlarımızın evə dönməyə başlayacağı günü yaxınlaşdıra bilərik,” deyə Buş qeyd edib.

XS
SM
MD
LG