Yaraqlıların Səudiyə Ərəbistanından geri dönən şiə zəvvarların avtobusunu Kərbəlada atəşə tutması nəticəsində azı 9 nəfər ölüb, 14 yaralı var. Bu barədə İraq rəsmiləri məlumat verib.
Ölkənin təhlükəsizlik rəsmiləri həmçinin bildirib ki, İraqın şimalındakı Təl Afar şəhərində intiharçının bomba hücumu nəticəsində azı dörd nəfər həlak olub. Bir uşağın da digər hücum zamanı öldürüldüyü bildirilir.
ABŞ hərbi rəsmiləri Ənbar vilayətində gedən döyüşlərdə 2, Diyalə vilayətində isə 1 amerika əsgərinin həlak olduğunu da bildirib.
İraqın milli təhlükəsizlik müşaviri Müvəffəq əl Rübai isə Nəcəfdə ölkə şiələrinin lideri Ayətullah Əli Sistani ilə görüşüb. Rübai görüş zamanı ölkədə yalnız dövlət nümayəndələrinin silah gəzdirməli olduğunu Sistaninin nəzərinə çatdırdığını bildirib.