Prezident Buş Konqresdə hər iki partiyadan olan tənqidlərə və ictimai dəstəyin olmamasına baxmayaraq, yeni İraq strategiyasının həyata keçirilməsində israrlı olduğunu həftəlik radio müraciəıtində bildirib.
O, yalnız iraqlıların ölkədəki təriqət münaqişəsinə son qoymaq iqtidarında olduğunu, lakin bu işdə Birləşmiş Ştatların yardımına ehtiyac olduğunu önə sürüb. Prezident deyib ki, Birləşmiş Ştatlar iraqlılara Bağdadın və Ənbar vilayətinin təhlükəsizliyini təmin etmək üçün aqressiv planı həyata keçiməkdə yardımçı olacaq. Bunun üçün cənab Buşun fikrincə, əlavə qoşunlara ehtiyac var.
Prezident Buş yeni strategiyanı bəyənməyənləri əvvəlcə alternativ plan irəli sürməyə çağırıb.
Demokratların həftəlik radiomüraciətə cavabını təqdim edən Nümayəndələr Palatasının üzvü Tim Valz bildirib ki, prezidentin İraq strategiyası ilə bağlı sorğu-sual etmək onların vəzifəsidir. O deyib ki, prezident planının İraqdakı vəziyyəti mürəkkəbləşdirməyəcəyinə və gərginliyin artmasına səbəb olmayacağına əmin olmaq üçün demokratlar daha kəskin suallar verəcəklər.