Accessibility links

"İran Azərbaycanına pəncərə" proqramının həftəlik xəbərlər icmalı


Human Rights Watch İranda azərbaycanlıların təqib olunması haqqında

Human Rights Watch insan hüquqları təşkilatının yanvarın 11-də açıqladığı illik hesabatda İranda insan hüquqları sahəsində ciddi problemlərdən söz açılır.

Təşkilat 2006-cı ilin yekunlarına dair illik hesabatında May ayında etiraz aksiyaları keçirən azərbaycanlılara qarşı təqibləri xüsusi qeyd edib. Hesabatda deyilir:

“May ayında Şərqi Azərbaycan və Ərdəbil əyalətlərində yaşayan azərbaycanlılar azərbaycan dilinə qoyulan qadağalar, mədəni və siyasi fəaliyətin məhdudlaşdırılmasına etiraz əlaməti olaraq nümayişlər keçirdilər. Təhlükəsizlik qüvvələri etiraz aksiyasını zor gücünə dağıtdı və regionu tamamilə nəzarət altına aldılar. Bəzi aksiyalarda nümayişçilər dövlət ofislərinə hücum etdilər. Mayın 25-də Nəqədeh şəhərindəki toqquşmalarda dörd nəfər həlak oldu”.

Hesabatda həmçinin Xuzistan əyalətində 16 ərəbə edam hökmünün kəsilməsi, Bəhai icmasının etiqad azadlığının məhdudlaşdırılması və sair məsələlər öz əksini tapıb.

Əkbər Ələmi parlamentdə May hadisələri ilə bağlı dinləmələr tələb edir

İranın fəhlə xəbər agentliyinin verdiyi məlumata görə, Iran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü, Təbriz millət vəkili Əkbər Ələmi yanvarın 11-də Milli Məclisdə etdiyi çıxış zamanı May hadisələri ilə əlaqədar Daxili işlər və Müdafiə nazirlərinə göndərdiyi sorğularına cavab almadığından şikayət edib.

Dinc may mitinqlərinin qəddarcasına dağıdılması, insanların aşırı polis gücünün tətbiqi nəticəsində xəsarətlər alması, günahsız insanların həbsi ilə bağlı hadisələrdən dərhal sonra sorğu göndərdiyini bildirən Ələmi, günahkarların indiyə kimi məsuliyyətə cəlb olunmamasından hiddətləndiyini deyib.

Millət vəkili daxili işlər və müdafiə nazirlərinin iştirakı ilə parlament dinləmələrinin keçirilməsini tələb edəcəyini deyib və bu baş verməmiş həmin rəsmilərdən ciddi tədbirlər tələb edib.

İLNA (İran Fəhlə xəbər Agentliyi) agentliyinə müsahibə verən cənab Ələmi deyib:

“Mən sizi əmin edirəm ki, əgər hüquq-mühafizə və təhlükəsizlik qüvvələrinin repressiv və təhrik edici əməlləri olmasaydı, biz Azərbaycanın müxtəlif şəhərlərində bundan sonra baş verən xoşagəlməz hadisələrin şahidi olmazdıq. İran Konstitusiyası insanların dinc nümayiş keçirmək və sərbəst toplaşma hüququnu tanıyır və vətəndaşların ictimai, siyasi, sosial bərabərliyinə təminat verir”.

Əkbər Ələmi hüquq-mühafizə orqanlarına sual edir: “Azərbaycan sakinlərini nəyə əsasən bu zülmə məruz qoyublar? Nəqədə və Mişkinşəhrdə qətllərin məsuliyyətini kim daşıyır? Kor olan gözlərə sə digər xəsarətlərə görə kim cavab verməlidir? Bu özbaşına hərəkətləri törədənlərin təqibi və cəzalandırılması üçün hansı işlər görülüb? May nümayişləri zamanı alınan yaraların sağalması üçün indiyə qədər nə edilib?”

Əkbər Ələmi bildirir ki, İran konstitusiyasına görə, hətta həbsdə olan cinayətkarların belə heysiyyətinə toxunmaq qeyri-qanunidir. Halbuki günahsız Azərbaycan əhalisinə qarşı belə addımlar atılıb. Təbriz millət vəkili İran ədliyyə orqanlarının rəhbəri ayətulla Şahrudiyə də müraciət edərək, May hadisələri zamanı zərər çəkənlərin müxtəlif məhkəmələrdə dondurulmuş şikayətlərinə təcili şəkildə baxılması barədə sərəncam verməsini xahiş edib.

Konqresdəki dinləmələrdə İranın qeyri-fars əhalisi üçün yayımlar təşkil etmək tövsiyyə olunub

Yanvarın 11-də ABŞ konqresinin xarici əlaqələr komitəsinin iclasında "İran: növbəti addımlar" mövzusunda dinləmələr keçirilib. Dinləmələrdə ABŞ dövlət katibinin keçmiş müavini Tomas Pikerinq və Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Ceyms Vulsi İranla bağlı gələcək siyasəti necə gördükləri barədə danışıblar. Dinləmələr zamanı İranda qeyri-fars millətlərinin hüquqları məsələsinə ciddi yer ayrılıb. Ceyms Vulsi ABŞ konqresinin maliyyələşdirdiyi Azadlıq radiosunun İranda yaşayan bütün millətlərin dilində yayıma başlamasının vacibliyini vurğulayıb. Çıxışçılar İranın nüvə proqramı ilə yanaşı insan hüquqları məsələsinin diqqətdə saxlanmasını Konqres üzvlərinə tövsiyə ediblər.

XS
SM
MD
LG