Accessibility links

Ekspertlər Birləşmiş Ştatların İrandakı azlıqları nəzərə almalı olduğunu deyir


İraq siyasətindəki uğursuzluqlar ABŞ-da İranla bağlı siyasətin perspektivləri ilə bağlı narahatlıq oyadır. Diqqət mərkəzində İranın daxilində gedən proseslərin nüvə böhranında oynayacağı roldur.

“Iranın daxili siyasəti mistikaya bürünmüş bir tapmacaya bənzəyir”. ABŞ konqresindəki dinləmələr zamanı bunu deyən Tomas Pikerinq nüvə problemi ilə yanaşı İranda Amerikanın nəzərdən keçirməli olduğu bir çox məsələlərin olduğunu irəli sürür:

“İranda nüvə məsələsindən əlavə Amerika perspektivindən baxmalı bir sıra məsələlər var – İranın regionda terrorçulara dəstəyi, İranın Yaxın Şərqdə sülhə mane olması, İranın İraqın daxilində fəaliyyəti, bu sahələrdə İran-Suriya əməkdaşlığı, İranın dini və digər azlıqlarla pis rəftarı, insan hüquqları ilə bağlı narahatlıq… “

İran da öz növbəsində Amerikanın bu ölkədə rejim dəyişikliyində maraqlı olmasını irad tutur. Hər halda Tomas Pikerinq İranın hazırkı rəhbərliyi ilə danışıqlar limitinin bitmədiyi qənaətindədir. Onun fikrincə, beynəlxalq ictimaiyyət İrana nüvə proqramını beynəlxalq birliyin nəzarəti altına verməsi müqabilində nəsə təklif edə bilər və burada söhbət hətta ABŞ-Amerika diplomatik münasibətlərinin bərpasından belə gedə bilər.

Lakin ekspertin sözlərinə görə, İranın razılaşmayacağı təqdirdə beynəlxalq birliyin bu ölkəyə qarşı ikitərəfli ticarət qadağalarından tutmuş beynəlxalq boykota qədər müxtəlif dərəcəli sanksiyalar tətbiq etmək üçün iradəsi də çatmalıdır.

Amma Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Ceyms Vulsi səfir Pikerinqlə razı deyil. Onun fikrincə, İranın hazırkı siyasi sistemində danışıqlar aparmaq üçün mötədil qüvvə tapmaq mümkün deyil.

Vulsinin irəli sürdüyü alternativ İran xalqı ilə danışmaqdır:

“Biz İranlılarla danışmalıyıq, amma iran hökuməti ilə yox, onun xalqı ilə. İran rəhbərliyinin xarici səfərlərinə qadağa qoyulmalı, adi iranlılara heç bir təsiri olmayacaq sanksiyalar tətbiq edilməlidir.”

Yaxın Şərq məsələləri üzrə ekspert Söhrab Sübhani də Birləşmiş Ştatların İran xalqına və İran rəhbərliyinə münasibətinin fərqli olduğunu deyir.

Ceyms Vulsi 1980-ci illərdə Polşada Solidarnost hərəkatı ilə əməkdaşlıq zamanı istifadə olunan taktikaya nəzər salmağı təklif edir. Onun fikrincə, İranda tələbələr, həmkarlar ittifaqları, istənilən etiraz potensialı olan qüvvə ilə işləmək lazımdır. Vulsi deyir ki, bu taktika Gürcüstan və Ukraynada da çox gözəl nəticə verib.

"Mən əminəm ki, İran azlıqlarının etiraz potensialı nəzərə alınmalıdır. Azərilər, ərəblər, kürdlər, bəluclar bir yerdə İran əhalisinin 40 faizini təşkil edir. Bundan əlavə, gənclərin müxalifətdə olması İranda rejim dəyişikliyini stimullaşdırmaq şansını artırır".

Ceyms Vulsi bu zümrələrlə informasiya siyasətinin düzgün qurulmasının vacibliyini önə çəkir.

Konqresdə keçirilən dinləmələr zamanı Konqresmen Rorabaker də İranda azərilər, kürdlər, bəluclar və gənc farslar kimi molla rejiminə düşmən olan qruplara diqqəti çəkdi:

“Biz həmin qruplara kifayət qədər dəstək veririkmi? Bundan ötrü bir iş görülürmü?”

Suala cavab verən Ceyms Vulsi Birləşmiş Ştatların bu sahədə çox az iş gördüyünü deyir:

“Biz məsələn azəriləri, kürdləri və digər qrupları onların ölkəsində nəyin baş verdiyinə dair məlumatlandıra bilərik. Amma biz bunu etmirik.”

Söhrab Sübhani isə Birləşmiş Ştatların İran siyasətinin orada yaşayan qeyri-fars millətlərin narazılığı üzərində qurulmadığını deyir.

Etiraz potensialı deyərkən dinindən və millətindən asılı olmayaraq gəncləri və qadınları nəzərdə tutduğunu deyən Sübhani hələ ki, Birləşmiş Ştatların rejim dəyişikliyi barədə açıq fikir söyləmədiyi qənaətindədir.

Lakin ekspertlər yaxın müddət ərzində ABŞ-ın İran siyasətində bir çox şeylərin dəyişəcəyinə inanırlar.

Radio reportajı audio-formatda dinləyin
TV reportaj "Amerika icmalı" proqramında

XS
SM
MD
LG