Accessibility links

ABŞ-da 2008-ci il prezident yarışlarına hazırlıqlar gedir


Respublikaçı senator Sem Braunbek və demokrat senator Hillari Klinton bu gün rəsmən prezident seçkilərinə namizədliklərini irəli sürəcəyini elan edib. Demokrat senator Hillari Klinton 2008-ci il prezidentlik uğrunda yarışlar üçün hazırlıq kampaniyasına başlayır. Bu gün veb səhifəsində verdiyi bəyanatda xanım Klinton yarışlara qələbə naminə qoşulduğunu bildirib. Sabiq birinci xanım deyib ki, amerikalılarla İraq müharibəsinə düzgün yekun vurulması və dünyada Amerikanın hörmətinin bərpa edilməsi kimi məsələləri müzakirə etmək niyyətindədir. 59 yaşlı Nyu-York senatoru Hillari Klinton İraqda ABŞ qüvvələrinin ixtisarı, Amerikada enerji və səhiyyə, habelə defisit kimi problemləri seçki platformasında prioritet kimi göstərəcəyini bildirib. Keçmiş senator Con Edvards və hazırki senator Barak Obama artıq yarışlara qoşulacaqlarını elan ediblər. ABŞ-ın sabiq birinci xanımı və ağır çəkili siyasətçi Hillari Klintonla Afrika mənşəli amerikalı Barakla yarışlar ən qızğın mübarizə ola bilər. Siyasi təhlilçilərin fikrincə, ilk qadın və ilk Afrika mənşəli amerikalının yarışı kimin qələbə çalmasından asılı olmayaraq tarixi bir hadisə olacaq. Eyni zamanda bu gün 50 yaşlı respublikaçı senator Sem Braunbek prezident seçkilərinə namizədliyini irəli sürəcəyini elan edib ABŞ-ın ən mühafizəkar siyasətçiləri arasında yer alan Brounbek abort, həmcins evlilik və gövdə hüceyrələri tədqiqatlarının kəskin şəkildə əleyhinədir. Bazar ertəsi senatorun paytaxt Vaşinqtonda təşkil ediləcək anti-abort yüşündə iştirakı gözlənilir. Brounbek ABŞ prezidenti Corc Buşun İraqa əlavə qüvvə göndərilməsi planına da qarşı çıxır.

XS
SM
MD
LG