Birləşmiş Ştatların hərbi qüvvələrinin bildirdiyinə görə, İraqda təhlükəsiziliyin təmin edilməsinə yardım məqsədilə hərbi qüvvələrin sayının artırılmasının birinci hissəsi kimi üç min iki yüz Amerika əsgəri Bağdada yerləşdirilib. Bu, prezident Buşun şəhərdə sabitlik yaradılması üçün onun yeni strategiyası çərçivəsində Bağdada göndəriləcək 17 minlik əsgəri qüvvənin ilk hissəsidir. Bağdadda isə zorakıqlıqlar davam edib. Polis şəhərdə iki bomba partlayışı nəticəsində yeddi nəfərin öldüyünü, 20-yə yaxın adamın yaralandığını bildirir. İraq rəsmiləri bildiriblər ki, hücumçular ABŞ və İraq hərbi qüvvələrinin uniformasını geymiş və amerikalıların istifadə etdiyi idman tipli maşınlarda olmuşlar.