Accessibility links

"İran Aərbaycanına pəncərə" proqramının xəbərlər icmalı


Siyasi məhbusların həbsi davam edir
İran hüquq müdafiəçiləri edam hökmünə qarşı
Şərqi Azərbaycan əhalisinin 7 faizi əlildir

Siyasi məhbusların həbsi davam edir

Azərbaycanlı Siyasi Məhbusları müdafiə assosiasiyasından Amerikanın səsinə verilən məlumata görə, İranda azərbaycanlı fəalların həbsləri davam etməkdədir.

Mustafa Əvəzpur pantürkizm ittihamı ilə 6 aylıq həbsə məhkum olunub, daha bir məhkəmə iclasının keçirilməsini gözləyir. Məhkəməyə qədər zaminə buraxılan Əvəzpur bu günlərdə yenidən həbsxanaya aparılacaq.

İnsan hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyətinə görə 10 ay həbsə məhkum edilən Qurban Zareyini bu gün Təbriz zindanına aparılıb.

21 Azər tədbirləri ilə əlaqədar dekabrın 12-də saxlanılan Elyaz Yekanlının vəziyyəti barədə xəbər yoxdur, Urmiyə zindanının rəhbərliyi onun ailəsi ilə görüşlərinə icazə verilmir.

Eyni gündə həbs olunan Xudayar Teymuri də hələ mühakimə olunmadan Urmiyə həbsxanasında saxlanılır.

Sulduzdan aldığımız məlumata əsasən bu şəhərdə yaşayan fəallar Aşura günündə May hadisələri zamanı polis zorakılıqdan həyatını itirmiş Azərbaycanlı fəallarının məzarı üstünə toplaşmağı planlaşdırır.

İran hüquq müdafiəçiləri edam hökmünə qarşı

İranda fəaliyyət göstərən, insan hüquqlarını müdafiə edən 5 təşkilat (İranda İnsan Haqları Uğrunda Çalışan Fəallar Təşkilatı, Kürdüstan İnsan Haqlarının Müdafiə Təşkilatı, Kürd Qadın Hüquqlarını Müdafiə Təşkilatı, Şimal-Qərb İnsan Haqlarını Müdafiə Təşkilatı, Əhvaz İnsan Haqlarını Müdafiə Təşkilatı) birgə bəyanatla çıxış edərək ölkədə ölüm hökmünün ləğvini tələb edib.

«Media forum» saytının məlumatına görə, bəyanatda deyilir: «İslam Respublikasının hakimiyyətdə olduğu son 27 il ərzində minlərlə insan edam edilib. Edamlar qapalı həbsxanalarda, küçə və meydanlarda, stadionlarda və digər yerlərdə həyata keçirilib. Edamlar zamanı müxtəlif qeyri-insani vasitələrdən, o cümlədən qaldırıcı kranlardan (asmaq üçün) istifadə olunur. Ölüm hökmünə məhkum edilmiş məhbusları bəzən küçələrdə insanların gözü qarşısında dar ağacından asırlar.

Bəzən də edamın ən qəddar və vəhşi növü olan daşqalaqdan istifadə edirlər. Yaş məhdudiyyəti də yoxdur. Bu cəza uşaqlara, qocalara, hətta hamilə qadınlara da şamil olunur»

Qadınların da edam edilməsi hallarının artdığını vurğulayan hüquq müdafiə təşkilatları bir müddət əvvəl Fatimə Rəcəbi adlı azyaşlı, həm də ruhi xəstə olan bir qızın edam olunduğunu bildirirlər.

Bu arada Beynəlxalq Amnistiya təşkilatı 17 və 18 yaşlı iki iranlı gəncin gözlənilən edamı ilə bağlı təcili tədbir kampaniyası başlayıb.

Şərqi Azərbaycan əhalisinin 7 faizi əlildir

Şərqi Azərbaycan əhalisinin 7 faizi əlildir. Bu barədə İranın Şərqi Azərbaycan vilayəti Ümumi Rifah idarəsinin rəhbəri Hüseyn Mötəmidniya yanvarın 24-də Təbrizdə verdiyi mətbuat konfransında bildirib. Şərqi Azərbaycan vilayətinin Ümumi Rifah idarəsinin rəsmi hesabatına əsasən vilayət əhalisinin 2 faizi cismi və fiziki çatışmazlıqlar, bir faizi danışıq və dinləmə qabiliyyəti, bir faizi korluq, yarım faizi zehni çatışmazlıqlar və digər bir faizi isə başqa əlilliklərdən əziyyət çəkir. Həmin məlumata əsasən, hazırda Şərqi Azərbaycan vilayətinin İlxıçı, Üskü, Miyana, Əhər və Qaradağ mahallarında əlillər üçün daha az imkan və şərait mövcuddur.

XS
SM
MD
LG