Bazar günündən indiyə qədər İraqda zorakılıqlar davam edir. İraq rəsmiləri Nəcəf şəhəri də daxil edilməklə, 200 nəfərə yaxın yaraqlının qətlə yetirildiyini, 100 nəfərdən çoxunun isə nəzarət altına alındığını deyirlər. İraq rəsmilərinin bildirdiyinə görə, Birləşmiş Ştatlar və İraq hərbiçiləri dünən səhərdən başlayaraq şiələrin ziyarəthagı Nəcəf şəhərinin yaxınlığında yaraqlılarla döyüşlər aparır.
Birləşmiş Ştatlar hərbiçiləri bildiriblər ki, döyüşlər zamanı bir vertolyotun düşməsi nəticəsində iki Amerika əsgəri həlak olub. Qeyd edək ki, bu, son günlər Amerikanın qəzaya uğrayan üçüncü vertolyotudur.
İraq rəsmiləri yaraqlıların yaxşı təşkilatlandırıldığı və yaxşı təlim aldıqlarını deyirlər. Alınan məlumatlarda eləcə də bildirilir ki, yaraqlıların planında bu həftə Kərbəlada Aşuranı qeyd edən şiə ruhanilərə hücum etmək də var idi. Aşura mərasimlərində iştirak edən şiə zəvvarların təhlükəsizliyini minlərlə Amerika və İraq əsgəri təmin edir. Zorakılıqlar bu gün İraqın digər bölgələrində də davam edib.